Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətlərinə dair.

2023-11-06 Baxış: 349
img

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələrinin mühüm yer tutduğunu, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqlədiyini bildirib: "Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir."

Ölkəmiz bütün dövrlərdə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amalına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. İllər ötdükcə Azərbaycanın və Türkiyənin liderliyi ilə Şuraya üzv ölkələr arasında əməkdaşlıq genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu - Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir. Gələcəkdə Orta Dəhliz vasitəsilə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək artırılması hədəflənir.

Ölkə başçımızın qeyd etdiyi kimi, Azərbaycanın tranzit ölkə rolu türk dünyası ilə əlaqələri genişləndirməyə xidmət edir. Bakıdan keçən marşrut Şərqdən Qərbə qurudan yeganə ticarət yoludur ki, bu yol vasitəsilə Çin və Mərkəzi Asiyadan yüklər Avropaya və ya əks istiqamətdə daşınır. İran və Rusiya kimi dövlətlərin ərazilərindən yan keçən bu marşrut Trans-Xəzər nəqliyyat marşrutu adlanır. Rusiya-Ukrayna müharibəsi dünya ticarətinə əsaslı şəkildə təsir edir, tədarük zənciri pozulur, ərzaq qıtlığı yaranır və istehlak qiymətləri yüksəlir. Lakin, bu çətinliklərə baxmayaraq, geosiyasi qüvvələr Avropa və Asiyanı bir-birinə çəkməyə davam edir. İran siyasəti xarici investorları qorxudur. Bu gün Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan ərazilərindən Xəzər dənizi üzərindən Azərbaycan və Gürcüstandan keçərək Türkiyə dəmir yolları vasitəsilə Avropaya birləşdirən Trans-Xəzər marşrutu Asiyadan Avropaya ən qısa yoldur. 2022-ci ildə Trans-Xəzər nəqliyyat marşrutu vasitəsilə Avropaya yükdaşımaların həcmi altı dəfə artıb. Məhz Rusiya-Ukrayna arasında baş verən müharibədən əlavə olaraq dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. 2023-cü ilin yanvar-avqust aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Azərbaycan regionda Şimal-Cənub və Şərq-Qərb layihələrinin kəsişməsini təmin edən yeganə ölkədir. Buna görə də coğrafiyamızda türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı digər oyunçularla, xüsusən də Türk Dövlətləri Təşkilatına daxil olmayan Rusiya, İran və Gürcüstan kimi ölkələrlə iqtisadi və siyasi əlaqələrin təmin edilməsi üçün başlıca şərtdir. Azərbaycan türk dövlətləri arasında körpü rolunu oynayaraq, müxtəlif regionlar və regiondankənar böyük ölkələr arasında tranzit ölkə kimi çıxış edir. Buna görə də türk həmrəyliyinin əhəmiyyətini nəzərə alsaq, bu birlik TDT-nin perimetri üzrə yerləşən müxtəlif ölkələr arasında sabit qarşılıqlı əlaqəni təmin edir, digər tərəfdən isə Türk dünyası daxilində səmərəli əməkdaşlığın qurulmasına imkan yaradır. Əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

 

Anarə Mustafayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü