Azərbaycandan Avropaya gedən yaşıl kabel
2025-04-09
Baxış: 118

2025-ci il aprel ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun və 42 enerji şirkətinin nümayəndələri iştirak ediblər. Toplantıda nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər yer alıblar. Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev toplantının mühüm regional və qlobal əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfə Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanan və Avropa Komissiyası tərəfindən dəstəklənən bu təşəbbüs enerji təhlükəsizliyi sahəsində birgə səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Dövlət başçısı əməkdaşlığın getdikcə genişləndiyini, bu prosesdə iştirak edən ölkə və şirkətlərin sayının artdığını qeyd edib. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi yalnız qarşılıqlı əməkdaşlıq sayəsində mümkündür. Enerji təhlükəsizliyi, onun sözlərinə görə, bu gün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib və bu sahədə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında balansın qorunması vacibdir. Bu əməkdaşlıqda beynəlxalq maliyyə institutlarının dəstəyi də mühüm rol oynayıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyindən bəhs edən ölkə başçısı qeyd edib ki, ölkənin təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz bu gün 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac edir. Avropa Komissiyası ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Avropaya qaz ixracı təxminən 60 faiz artaraq 13 milyard kubmetrə çatıb və bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizinin uğurla istismarı və genişləndirilməsi üçün birgə səylər vacibdir. Hazırda bu sistem 3500 km uzunluğunda boru kəməri infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır. Gələcəkdə bu sistemin genişləndirilməsi üçün maliyyə resurslarının səfərbər olunması zərurəti də önə çəkilib. Dövlət başçısı çıxışında neft və qaz hasilatında yeni mərhələyə qədəm qoyulacağını və xüsusilə “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturu və “Abşeron” yatağında hasilatın artırılması istiqamətində konkret addımlar atıldığını qeyd edib. Bu layihələrin həyata keçirilməsinin Azərbaycanın qaz təchizatında mövqeyini daha da gücləndirəcəyi diqqətə çatdırılıb. Yaşıl enerji gündəliyindən danışan Prezident İlham Əliyev bildirib ki, bərpaolunan enerji sahəsində atılan addımlar təkcə ətraf mühitin qorunmasına deyil, həm də ölkənin qaz ehtiyatlarına qənaət edərək ixrac potensialını artırmağa xidmət edir. 2030-cu ilə qədər günəş və külək enerjisi üzrə 6,5 giqavatlıq gücün yaradılması planlaşdırılır. Bu sahədə artıq bir sıra investisiya müqavilələri imzalanıb və işlər sürətlə davam etdirilir. Dövlət başçısı Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya çəkilməsi nəzərdə tutulan “yaşıl kabel” layihəsinin də müzakirə olunduğunu qeyd edib. Layihənin texniki əsaslandırma mərhələsinin son mərhələdə olduğu və maliyyələşmə ilə bağlı danışıqların yaxın zamanda başlanacağı bildirilib.
Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur. Enerji böhranının kritik həddə çatdığı bir vaxtda Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki rolu daha da artır. Avropa İttifaqı gələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması üçün səylərini səfərbər etməlidirlər. Cənub Qaz Dəhlizi Avropa İttifaqı və region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Ukraynada davam böhranı fonunda Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Cənub Qaz Dəhlizi strateji əhəmiyyət daşıyır.
Vurğun Şirəliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



