Heydər Əliyev – müasir Azərbaycanın memarı, ən böyük azərbaycanlı!

2022-05-11 Baxış: 296
img

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının Ümummilli lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub. Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Heydər Əliyev 1993-cü ildən – müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə demokratiya və insan hüquq və azadlılaqırının təntənəsindən, iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən, iqtisadiyyatın liberallaşdırılmasından başlayır. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi idi. Bu gün Azərbaycanımızın günü-gündən çiçəklənməsinin səbəbkarı məhz təkrarolunmaz liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də, ömrünü xalqının yolunda şam kimi  əridən Ulu öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur. Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfər Ulu Öndər siyasi ənənəsinin uğurlu tətbiqinin nəticəsi idi. Şuşanın azad edilməsi zamanı Cənab Ali Baş Komandanın səsləndirdiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri bu böyük Zəfərin əsaslarında məhz Ulu öndər Heydər Əliyevin arzu və istəklərinin dayandığını bir daha sübut edirdi. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Müzəffər Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.

 

Fərhad Baxışov;

Gənclərin İnkişaf və Karyera Mərkəzinin

Neftçala nümayəndəliyinin direktoru