“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz , gələcək nəsillər qarşısında borcumuzdur.”

2023-03-13 Baxış: 181
img

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və  fəaliyyəti ilə bağlıdır. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər demişdi:“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”

Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi - ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.

1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı.

Ancaq bu müstəqiliyi qoruyub saxlamaq və möhkəmləndirmək lazım idi. Bununla əlaqədar Ulu Öndər Heydər Əliyev 21 noyabr 1998-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində demişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.” Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu bildirərək qeyd etmişdi ki, “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”

Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanan və həyata keçirilən sosial dövlət modeli olmuşdur. Heydər Əlyev hakimiyyətə gələnədək ölkədə heç bir iqtisadi qanunlarla tənzimlənməyən sosial siyasət həyata keçirilirdi.

Bununla yanaşı, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.

2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Ötən illlər ərzində cənab Prezidentin rəhbərliyi lə Azərbaycan çox böyük uğurlara imza atıb. Əlbəttə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində əldə olunan Tarixi Zəfərdir. 

Bibixanım Quliyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü