"Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur."

2023-04-07 Baxış: 233
img

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edilmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılıb və inkişaf etdirilməsi Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. H.Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.

Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Uzun illərdir biz ölkəmiz üçün ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırdıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında idi. Lakin Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.

 

Şəkəralı İsmayılov,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü