M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın

2023-04-14 Baxış: 344
img

Bütün tarixi dövrlərdə görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvəti hesab olunub.Onların ibrətamiz həyatı, işıqlı amalları daim tariximizə nur saçır, milli-mənəvi xarakteristikamızı şərəfləndirir. Belə əbədiyaşar şəxsiyyətlərdən biri də zəmanəsinin görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əziz qızı Əliyevadır.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Öz dövrünün qabaqcıl düşüncəli insanlarının, cəmiyyətə təmənnasız xidmət etmiş şəxsiyyətlərin ailəsində böyüyüb, tərbiyə alıb. Bu mühit onu da əsl tarixi şəxsiyyət kimi formalaşdırıb.

Zərifə xanım atasının sayəsində uşaqlıqdan tibb sahəsinə könül verib. Onun yeniyetməlik və gənclik çağları İkinci Dünya müharibəsinə təsadüf edib. Oxuduğu orta məktəbdə dərsləri bitəndən sonra hər gün şagird rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda kömək göstərirdi. Elə o vaxtdan qayğıya, diqqətə ehtiyacı olanlara pasibanlıq etmək onun ömür amalına çevrilib. 1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Özünün dərin zəkası, dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin rəğbətini qazanıb. İnstitutda təşkil olunan tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edən gələcək həkim cəsarətli fikirlər irəli sürür, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq, tanınmış alimlərlə fikir mübadiləsi aparırdı.

Zərifə Əliyeva oftalmoloq ixtisasına yiyələnmişdir. Ötən əsrin ortalarında dünyada traxoma xəstəliyi geniş yayılmışdı, 400 milyona qədər insan bu infeksion xəstəlikdən əziyyət çəkirdi və onların bir qismi fiziki korluğa düçar olmuşdu. Elmin oftalmologiya sahəsi isə o qədər də inkişaf etməmişdi, ixtisaslı kadrlar çatışmırdı. Buna görə də Zərifə xanım görmə orqanlarını sıradan çıxaran bu xəstəliyə qarşı mübarizə aparmağı qərara almışdı. İnsanların dünyada ən böyük nemət olan işığa həsrət qalması ilə barışmaq istəmirdi, onların xilası naminə əlindən gələni edirdi və ömrünün sonuna qədər bu əqidədə qaldı.

Zərifə xanım Əliyevanın üstünlüyü onun biliyi, təcrübəsi, əli yüngül olan bir həkim kimi şəfa vermək bacarığı onun əsl insani keyfiyyətləri ilə daha da dolğunlaşaraq, böyük azərbaycanlı qadın alimin ideal obrazını yaradıb. Müharibədən sonra da Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm önəm daşıyır.

Gənc həkim Azərbaycan Tibb İnstitutunda təhsilini başa vurandan sonra iki il Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib. Vətənə qayıdınca Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlar aparıb. Bu sahədə çalışmalarının ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr edib. Eyni zamanda, digər göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olub. Konkret müalicə təcrübəsindən əlavə, tez-tez rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında geniş maarifləndirmə işləri aparıb. Bütün bunlara ciddi tələbat olduğuna görə Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirib. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. Böyük alimlər bu gün də etiraf edirlər ki, Zərifə xanım traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən “Sintomisin”dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdur.

Zərifə Əliyevanın pedaqoji fəaliyyəti geniş olmuşdur. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent kimi fəaliyyətə başlamış, çox keçmədən professor, daha sonra kafedra müdiri vəzifəsində çalışmışdır. Onun təşəbbüsü ilə 1977-ci ildə Bakıda böyük uğurla Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyənmiş və iki il sonra AEA-nın Fiziologiya İnstitutunda həmin laboratoriya təşkil edilmişdir. Laboratoriyanın tədqiqat bazası Bakı Məişət Kondisionerləri zavodu idi. Burada elmi tədqiqatlarla yanaşı, müalicə işləri də aparılırdı. Zərifə xanım özünün kəşf etdiyi görmə aparatı vasitəsilə kompleks diaqnostika və erkən cərrahi müalicə üsullarını uğurla tətbiq edirdi.

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və digər əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir.

Alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir. Tibb elminin nadir sahələrindən olan iridodiaqnostika və iridoterapiya problemlərinə həsr etdiyi “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” adlı monoqrafiyaları da qeyd etmək lazımdır. Fərəhli haldır ki, iridodiaqnostikaya dair ilk kitabları məhz akademik Zərifə Əliyeva yazmışdır. Alim müasir dövrdə də həkimlərin əl-əl gəzdirdiyi “Terapevtik oftalmologiya” əsərinin və “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasın müəlliflərindən biridir.

Zərifə xanım Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına Mükafatına layiq görülmüşdür. O, Sovet İttifaqında belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə görkəmli alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Zərifə xanım, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Bütün bu elmi-pedaqoji və tibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş ana, mehriban ömür-gün yoldaşı kimi də qürurla anılır. Ulu Öndər Heydər Əliyev özünün qızğın siyasi fəaliyyətində onunla çiyin-çiyinə çalışmış Zərifə Xanım Əliyevanın xatirəsini həmişə ehtiramla yad edərək qeyd edirdi ki, “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.”Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm uğurlarına görə özünü ilk növbədə atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.

Birinci Vitse prezident Mehriban xanım özünü Əliyeva Zərifə xanımın yolunun davamçısı hesab edir. Onun xatirəsinə daim hörmətlə yanaşan Mehriban xanım həm həkim, həm ictimai xadim, həm də ailəsinin ağıllı xanımı olaraq bu böyük şəxsiyyətin, bu tarixi qadının bütün keyfiyyətlərini özündə əks etdirərək onu yaşadır, irəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə dünyada sülhün təmin olunmasına, tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin yayılmasına töhfə verir.

...Bu böyük azərbaycanlı qadın günəşli bir aprel günündə dünyaya gəlmişdi. Elə günəşli bir aprel günündə də bu dünyadan köçdü. Zərifə xanım Əliyeva ilə bağlı düşüncələrdən bir həqiqəti dərk edirsən ki, ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar yaşadıqca, var olduqca Zərifə xanım kimi şəxsiyyətlər də yaşayır.

Dəyərli alimin ruhu qarşısında baş əyirik!

 

Fərqanə Ağalarova,

 

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini