Azərbaycan xalqına həsr olunmuş fədakar ömür

2023-05-05 Baxış: 202
img

Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinin ilkin dövrü 1944-1953-cü illəri əhatə edir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmiş Heydər Əliyevin verilmiş tapşırıqlara və işinə məsuliyyəti, onun gələcək illərdə daha da yüksək vəzifələrdə çalışmasına, təhsilini davam etdirməsinə geniş imkanlar yaratmışdır. Bu böyük tarixi şəxsiyyət o vaxtkı sovet reallığında çox az adama nəsib olan ömür yolu keçərək təhlükəsizlik orqanlarında leytenant rütbəsindən general-mayor rütbəsinədək, sıravi əməkdaşdan DTK-nın sədri vəzifəsinədək yüksəlmişdir. Bu məqamla əlaqədar Heydər Əliyevin təhlükəsizlik orqanlarına gəlişi ilə bağlı öz xatirələrini yada salmaq yerinə düşər: "1941-ci ildən mən Naxçıvan MSSR-in NKVD-sində arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləyirdim. Sonra Muxtar Respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən NKVD-DTN-DTK-da əməliyyat işində işləmişəm". Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında yalnız öz şəxsi keyfiyyətləri - dərin erudisiyası, hərtərəfli dünyagörüşü, parlaq zəkası nəticəsində vəzifə pillələrində addım-addım irəliləyirdi. Harada çalışmasından asılı olmayaraq Heydər Əliyev dəfələrlə özünün də qeyd etdiyi kimi, heç bir zaman vəzifə dalınca qaçmayıb, savadlı və məsuliyyətli əməkdaşı vəzifənin özünün mütləq tapacağına əmin olan bu insanın təhlükəsizlik orqanlarında və ümumiyyətlə həyatda pillə-pillə yüksəlişi və nəhayət hakimiyyət olimpinə çatması yalnız biliklərə hərtərəfli yiyələnməsinin, dərin səriştənin, peşəkarlığının, fenomenal idarəçilik və təşkilatçılıq bacarığının və gərgin zəhmətinin bəhrəsi olub.

Heydər Əliyevin təhlükəsizlik orqanlarında gərgin və yorulmaz fəaliyyəti bu təsisat üçün yüksək ixtisaslı, səriştəli, başlıcası isə milli ruhlu, vətənpərvər kadrların yetişdirilməsinə, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəlmişdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də sözün əsl mənasında Azərbaycan milli təhlükəsizlik konsepsiyasının banisidir. Heydər Əliyev dühasının böyüklüyü bir də ondadır ki, onun fəaliyyətini dar çərçivə ilə məhdudlaşdırmaq, qəliblərə salmaq mümkün deyildir.

 

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının əməkdaşı