Azərbaycan xalqına həsr olunmuş fədakar ömür.

2023-05-05 Baxış: 281
img

Ulu Öndər Heydər Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.

1955-ci ilin ortalarında Heydər Əliyev DTK-nın arxiv-uçot şöbəsinə baş əməliyyat müvəkkili göndərildi. Qısa bir müddətdən sonra SSRİ DTK-sının mərkəzi aparatında Heydər Əliyevin əməliyyat təfəkkürünün, təhlil qabiliyyətinin, idarəetmə məharətinin, təşkilatçılıq qabiliyyətinin təhlükəsizlik orqanlarına gərəkliliyini və bu cür qiymətli əməkdaşı itirməyin kadr siyasətində yolverilməz səhv olduğunu anladılar. Heydər Əliyev fiziki, ruhi, mənəvi qüvvələrinin çiçəkləndiyi dövrə qədəm qoymuşdu və onun potensialı hələ neçə-neçə uğurlu əməliyyatın həyata keçirilməsində əvəzedilməz rol oynayacaqdı. Fransız filosofu Fransua Lroşfukonun təbirincə desək, insanın böyüklüyü onunla ölçülür ki, hətta bədxahlar belə onun ləyaqətini qiymətləndirmək məcburiyyətində qalırlar. Düz yarım ildən sonra Heydər Əliyev 2-ci şöbənin bölmələrindən birində rəis müavini, sonra rəis vəzifəsində idi. Daha yarım il sonra növbəti vəzifə artımı: O, 2-ci şöbəyə rəis müavini təyin olunur. 1958-ci ildə 35 yaşında Heydər Əliyev artıq bütün Azərbaycan əks-kəşfiyyatına başçılıq edirdi.

General-leytenant Ziya Yisifzadə Heydər Əliyevin təhlükəsizlik orqanlarında bəraət  almasını və yenidən məsul vəzifələrə irəli çəkilməsini belə xatırlayır: "Özlərini gözdən salmış DTK əməkdaşlarının işdən çıxarılması ilə bağlı onun 1953-1954-cü illərdə qaldırdığı məsələnin, 1956-cı ildə, Mir Cəfər Bağırovun məhkəməsindən sonra aktuallıq tapması öz sözünü dedi. Yəni, Əliyevin doğru olduğunu zaman sübuta yetirdi. Ən başlıcası isə Əliyev 2-ci şöbənin rəisi olan vaxt bu şöbənin əks-kəşfiyyat uğurları əhəmiyyətli dərəcədə yüksək idi. O, əməkdaşlar sırasından kəskin surətdə seçilirdi. Baxmayaraq ki, orqanlara istedadlı, geniş dünyagörüşünə malik, xalqa, partiyaya sədaqətli adamları götürürdülər. Özü də ciddi, iki il, üç il yoxlayırdılar. Hətta bu fonda belə Əliyev öz təşkilatçılıq və analitik qabiliyyətinə görə nəzərəçarpan dərəcədə fərqlənirdi. Buna görə də qısa müddətdən sonra onu yenidən irəli çəkdilər".

İşdə göstərdiyi nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılan podpolkovnik Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti yanında DTK sədrinin 2 mart 1964-cü il tarixli 85 saylı əmrinə müvafiq olaraq Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə təyin edilir. 2-ci şöbənin rəisinin daha məsul vəzifəyə irəli çəkilməsi üçün Heydər Əlirza oğlu Əliyevin SSRİ DTK-sına göndərilən xidməti xasiyyətnaməsində deyilirdi: "... SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə kapitalist ölkələrindən olan xaricilərlə bağlı, birgə keçirilən bir sıra ciddi çekist əməliyyatında şəxsən iştirak etmişdir. Onun bilavasitə iştirakı ilə respublika DTK-sında xarici kəşfiyyat orqanlarına qarşı bir neçə tədbir həyata keçirilmişdir. Agentura ilə şəxsən işləyir... 1963-cü ildə yoldaş Əliyev kordonun o tərəfinə keçmək fikri olan dövləti cinayətkarın axtarışı və saxlanması işini yüksək peşəkarlıqla təşkil etmişdir. 1962-64-cü illərdə onun rəhbərliyi altında şöbənin operativ heyəti tərəfindən həyata keçirilən xeyli sayda profilaktik tədbirlər nəticəsində bir çox arzuedilməz halların qarşısını almaq və yanlış fikirdə olan sovet vətəndaşlarını doğru yola gətirmək mümkün olmuşdur".


Araz Əhmədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü