Azərbaycanda tədavülə yeni yubiley pul nişanı buraxılıb

2019-10-24 Baxış: 860
img

Bu il müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.