Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf coğrafiyasını formalaşdırır.

2026-08-14 Baxış: 34
img

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu ölkənin iqtisadi, sosial və strateji məkanında mühüm dəyişikliklər yaradıb. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız tarixi ədalətin təmin olunması ilə nəticələnməyib, ölkənin gələcək inkişaf xəritəsinin də yenidən qurulmasına imkan verib. Bu yeni inkişaf coğrafiyasında Naxçıvanın xüsusi yeri var. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı birləşdirən ümumi xətt ərazi bütövlüyü, təhlükəsizlik, infrastruktur, iqtisadi inkişaf və regional inteqrasiyanı vahid dövlət strategiyası çərçivəsində bir araya gətirir.

Bu ərazilərin hər birinin özünəməxsus coğrafi, iqtisadi və tarixi xüsusiyyətləri olsa da, onların gələcəyinə münasibətdə dövlət siyasətinin əsas prinsipi eynidir: təhlükəsizliyi təmin etmək, infrastruktur qurmaq, iqtisadi potensialı hərəkətə gətirmək və regionları ölkənin ümumi inkişaf sisteminə daha sıx inteqrasiya etmək.

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu siyasətin ən mühüm nümunəsidir. Yeni yaşayış məntəqələrinin salınması, yolların və hava limanlarının inşası, enerji və sosial infrastrukturun yaradılması, sənaye və kənd təsərrüfatı layihələrinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərin qısa müddətdə müasir inkişaf məkanına çevrilməsinə hesablanıb. Burada əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, onları müasir iqtisadi model əsasında yenidən qurmaqdır.

Naxçıvanla bağlı yanaşma da bu baxımdan yeni məzmun qazanır. Muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji potensialının genişləndirilməsi, sənaye imkanlarının artırılması, nəqliyyat bağlantılarının inkişaf etdirilməsi və infrastrukturun yenilənməsi Naxçıvanın ölkənin ümumi iqtisadi sistemində daha fəal rol oynamasına şərait yaradır. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində regionun inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər də bu yanaşmanın miqyasını göstərir.

Bu üç coğrafiyanı birləşdirən mühüm istiqamətlərdən biri enerji siyasətidir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib və burada günəş, külək və hidroenerji imkanlarından istifadə istiqamətində mühüm layihələr həyata keçirilir. Naxçıvanda isə xüsusilə Günəş enerjisi sahəsində böyük potensial mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yalnız Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər. Bu potensialın reallaşdırılması Naxçıvanın gələcəkdə enerji istehsal edən və ixrac imkanlarına malik regiona çevrilməsinə şərait yarada bilər.

Beləliklə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Azərbaycanın yeni enerji coğrafiyasının mühüm istiqamətlərini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji imkanları ilə Naxçıvanın günəş enerjisi potensialının paralel şəkildə inkişaf etdirilməsi Azərbaycanın yaşıl enerji strategiyasını daha da genişləndirir. Bu, həm daxili enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də gələcəkdə yaşıl enerjinin ixrac imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

İnfrastruktur baxımından da yeni inkişaf coğrafiyasının konturları artıq aydın görünür. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən avtomobil yolları, dəmir yolları və hava limanları bu əraziləri Azərbaycanın digər bölgələri ilə əlaqələndirir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpasına yönəlmiş Zəngəzur dəhlizi layihəsi isə bu coğrafiyanı daha geniş regional nəqliyyat sisteminə bağlamaq imkanına malikdir. Bu baxımdan gələcəkdə Azərbaycanın qərb hissəsində formalaşacaq nəqliyyat şəbəkəsi Qarabağ və Şərqi Zəngəzurdan Naxçıvana, oradan isə Türkiyə və daha geniş Avrasiya məkanına uzanan yeni bağlantılar yarada bilər.

Bu prosesin iqtisadi nəticələri də geniş olacaq. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması yeni investisiya və istehsal imkanları yaradırsa, Naxçıvanda sənaye və enerji layihələrinin genişləndirilməsi regionun iqtisadi potensialını artırır. Naxçıvan Sənaye Parkının yaradılması, bərpaolunan enerji layihələrinin reallaşdırılması və nəqliyyat imkanlarının genişləndirilməsi muxtar respublikanın iqtisadiyyatının daha şaxələndirilmiş modelə keçidini sürətləndirə bilər.

Burada əsas məqam ayrı-ayrı regionların paralel inkişafından daha çox, onların bir-birini tamamlayan vahid iqtisadi məkan kimi formalaşmasıdır. Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatı, sənaye, turizm, enerji və logistika imkanları ilə, Naxçıvan isə özünün strateji coğrafiyası, sənaye, enerji və nəqliyyat potensialı ilə Azərbaycanın ümumi inkişaf sisteminə yeni imkanlar əlavə edir.

Bu baxımdan “yeni inkişaf coğrafiyası” anlayışı yalnız xəritədə yeni yolların və yaşayış məntəqələrinin yaranması demək deyil. Söhbət Azərbaycanın iqtisadi fəallıq mərkəzlərinin genişlənməsindən, əvvəllər məhdud istifadə olunan potensialın dövriyyəyə cəlb edilməsindən və müxtəlif regionlar arasında yeni iqtisadi əlaqələrin qurulmasından gedir.

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın, Naxçıvanda isə yeni inkişaf layihələrinin həyata keçirilməsi həm də Azərbaycanın dövlət idarəçiliyinin uzunmüddətli planlaşdırma imkanlarını nümayiş etdirir. Bu layihələr müxtəlif sahələri – təhlükəsizlik, şəhərsalma, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial infrastrukturu – vahid strateji yanaşmada birləşdirir.

Digər mühüm məqam insan amilidir. İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı Böyük Qayıdış siyasətinin əsas məqsədidir. Naxçıvanın iqtisadi imkanlarının genişləndirilməsi isə əhalinin rifahının yüksəldilməsi, məşğulluğun artırılması və gənclər üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. İnkişafın əsas göstəricisi yalnız tikilən obyektlərin sayı deyil, insanların həmin məkanlarda təhlükəsiz, rahat və layiqli həyat sürməsi üçün yaradılan imkanlardır.

Bu proses Azərbaycanın suverenlik və dövlətçilik konsepsiyasının da praktiki ifadəsidir. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra dövlət qarşısında duran əsas vəzifələrdən biri bütün ərazilərin vahid inkişaf sisteminə inteqrasiyasını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Naxçıvanın imkanlarının genişləndirilməsi bu məqsədə xidmət edən strateji istiqamətlərdir.

Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı səsləndirdiyi fikirlər də göstərir ki, muxtar respublikanın gələcəyi yalnız onun daxili imkanları ilə məhdudlaşdırılmır. Naxçıvanın enerji, nəqliyyat, sənaye və təhlükəsizlik imkanlarının inkişafı onun Azərbaycanın ümumi regional strategiyasındakı rolunu artırır.

Nəticə etibarilə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Azərbaycanın yeni inkişaf coğrafiyasının üç mühüm istiqaməti kimi çıxış edir. Onları birləşdirən əsas xətt dövlətin gücü, vahid strateji yanaşma və milli inkişaf məqsədləridir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq və Böyük Qayıdış, Naxçıvanda isə təhlükəsizlikdən iqtisadi və enerji potensialının genişləndirilməsinə qədər həyata keçirilən layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm göstəriciləridir.

Bu gün Azərbaycanın inkişaf xəritəsi genişlənir. Vaxtilə münaqişə və təhlükəsizlik anlayışları ilə gündəmə gələn ərazilər indi quruculuq, investisiya, enerji, nəqliyyat və yeni iqtisadi imkanlarla xarakterizə olunur. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə Naxçıvanın yeni inkişaf perspektivlərinin bir-birini tamamlaması Azərbaycanın daha bütöv, daha güclü və daha inteqrasiya olunmuş inkişaf məkanının formalaşmasına xidmət edir.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Astanlı kənd tam orta məktəbin direktor müavini