Neftçalada Əjdər Ağayevin yaradıcılıq gecəsi keçirilib.

2019-10-27 Baxış: 1458
img

Oktyabrın 26-sı Neftçala rayonunda  professor Əjdər Ağayevin yaradıcılıq gecəsi keçirilib. 

MAYAKİNFO xəbər verir ki, Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə professorun ailə üzvləri, Təhsil Şurasının üzvləri və rayon ziyalıları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov mərhum professor haqqında öz fikirlərini və xatirələrini söylədikdən sonra tədbirin aparıcılığını Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru, Təhsil Şurasının üzvü Ruhəngiz Nəcəfovaya vermişdir. 

Gecənin bədii hissəsində tədbirə ev sahibliyi edən məktəbin , Neftçala şəhər Uşaq İncəsənət məktəbinin və Xolqaraqaşlı kənd tam orta məktəbin şagirdlərinin hazırladığı müxtəlif kompazisiyalar nümayiş olunmuş, mahnı və şeirlər səsləndirilmişdir. Tədbirdə fəal iştirak edən şagirdlər Təhsil Şurasının sədri Hikmət Əlizadə tərəfindən mükafatlandırılmışdır. 

Tədbirin ikinci hissəsini Təhsil Şurasının sədri Hikmət Əlizadə aparmış, Əjdər Ağayev haqqında öz xatirlərini danışdıqdan sonra çıxış etmək üçün mərhum professorun yaxınlarına söz vermişdir. İlk öncə akademik Fərrux Rüstəmov çıxış etmiş, daha sonra Təhsil Şurasının üzvləri, Əjdər Ağayevin şagirdi olmuş Cahangir Abdullayev çıxış etmişdilər. Tədbirin sonunda Təhsil Şurasının rəhbərliyi tərəfindən təşkilatçılara fəxri fərmanlar təqdim olunmuş və professorun qızı Ülviyyə İbrahimova tədbirin hazırlanmasında əməyi keçən hər kəsə və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olmuşdur.

Bədii yaradıcılığa 1950-ci illərdən başlamışdır. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.

Türkiyə ixtisas kursunda (1999), Türk xalqlarının VIII qurultayında (2001) və Macarıstanda YUNİSEF-in təşkil etdiyi konfransda (2001) olmuşdur.

Əjdər Ağayev 27 noyabr 2018-ci ildə, 81 yaşında vəfat etmişdir.