Neftçala və Salyan sakinləri Yunanıstanda həbsxanaya salınıb.
Nefçala rayonunun Bankə qəsəbəsindən Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğlu bir neçə ay bundan qabaq Türkiyəyə işləməyə gediblər. Azərbaycan vətəndaşlarına İtalyada işləmək təklif edilib. Əmək haqqının yüksək olduğu vəd edilib. Bu zaman hər iki azərbaycanlı gəmi ilə gizli formada İtaliyaya keçmək istəyiblər. Ancaq Yunanıstanda tutulublar. Hazırda 3 aydır ki, həbsdədirlər.
Hər iki soydaşımızın ailəsi Modern.az-a narahat olduqlarını bildiriblər. Ailələr səfirliyə müraciət etsə də, cavab ala bilmədiklərini deyiblər.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır:
“Azərbaycan vətəndaşları Mikayılov Əbülfəz Adışirin oğlu və Ağayev Rauf Tofiq oğlu insan alveri, özgə həyatını təhlükəyə məruz qoymaq və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunaraq Yunanıstanın Nafplio şəhər həbsxanasında saxlanılırlar. Qeyd etmək istərdik ki, sözügedən şəxslər qanunsuz miqrantları daşıyan gəmi ilə Türkiyənin Bodrum şəhərindən İtaliyanın Katanya şəhərinə yola çıxıblar. Ölkəmizin Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır, saxlanan azərbaycanlı şəxslərlə görüş keçirilib”.
XİN rəsmisi bildirib ki, vətəndaşlarımıza hüquqi yardım göstərilir:
“Onlar saxlanma şəraitlərindən şikayətlənməyib və hər hansı zorakılıqla üzləşmədiklərini bildiriblər. Saxlanılan vətəndaşlarımıza Yunanıstan Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir”.
Digər xəbərlər