Neftçalalı Xalq rəssamı : "Ən böyük rəssam Allahdır"
Xalq rəssamı Sakit Məmmədovun APA-ya müsahibəsi
- Sentyabrın 5-də Türkiyədə sərginizin açılışı oldu. Ordan hansı təəssüratlarla qayıtdınız? Sərgiyə maraq necə idi?
- Sərgi “Tophanei-Amire Kültür və Sanat Merkezi”ndə 1 ay boyunca keçirildi. Orda 160 əsərim nümayiş edilirdi. Sərginin açılışından bir gün əvvəl banket oldu. Məndən soruşdular ki, Sizin musiqiçilərdən buradan kim iştirak eləsin? Mən də İsfar Sarabskini dəvət etdim, öz qrupu ilə çıxış elədi. Mən orda çıxışımda qeyd elədim ki, dahi Memar Sinanın əlləri nə zamansa bu divarlara dəyib, mən bu gün onunla görüşdüm, çünki mənim əllərim dəyən əsərlər onun əlləri dəyən divarlarda asılıb. Sərgi çox yüksək səviyyədə keçdi. Hər gün minlərlə adam sərgiyə gəlirdi.
- Siz, deyəsən, sərgi zamanı Avropa Parlamentinin senatoru seçildiniz?
- Bəli, doğrudur. Sərgiyə Avropa Parlamentinin 18 üzvü, o cümlədən parlamentin keçmiş vitse-prezidenti İnqo Fridrix də gəlmişdi. O, hazırda Avropa İqtisadi Senatının prezidentidir. Bir də Avropa Şurasının bayrağını yaradan memar gəlmişdi. Əslində, onların gəlişinin məqsədi məni mükafatlandırmaq idi.
- Sizdən əvvəl bu titula sahib olan rəssam olub?
- Yox, olmayıb. Mənə zəng elədilər ki, Avropa İqtisadi Senatı səni senator seçmək istəyir. Mən əvvəl bir az tərəddüd elədim. Buna görə də Səməd Seyidovla Arif Rəhimzadəyə zəng elədim ki, görüm bu mükafat nədir? Bir də bu təşkilatın Azərbaycana münasibəti necədir? Səməd Seyidov dedi ki, öyrənib sənə deyərəm. Səhəri gün emalatxanada işləyirdim, boyalarım qurtardı. Dedim gedim boya alım, üst-başım da boyalı idi, düşündüm ki, bu görkəmdə mənə baxan kimdir? Yolda Səməd Seyidov zəng edib dedi ki, İnqo Fridrix Azərbaycanı sevən insandır, bəs bu böyük nailiyyətdir, bu mükafatı qəbul etməliyəm. Bu vaxt yol polisi məni saxladı. İrad tutdu ki, sükan arxasında niyə telefonla danışırsan? Dedim bu çox önəmli məsələdir. Dedi canından artıqdır? Dedim hə, Azərbaycan naminə çox vacib məsələdir. Soruşdu nədir axı? Dedim məni Avropa senatına üzv seçirlər, ona görə də bu barədə telefonda danışırdım. Polis üst-başıma baxıb dedi ki, Avropa bu günə qalıb ki, səni kimisini üzv qəbul edirlər? Mən bunu tədbirdə danışdım, hamı güldü. Orda başqa şeylər də dedim. Dedim milyardlar tökürsünüz, Avropa alimləri başqa planetləri kəşf eləməyə gedirlər. Başqa planetləri kəşf eləməkdənsə, Yeri xilas edin. Siz ora hansı üzlə alimləri göndərirsiniz? Bəlkə ordan xoşməramlı qüvvələr gəlib bizi xilas etdilər. Heç olmasa, buna mane olmayın.
- Bu ilin mart ayında Bakıda keçirilən sərginiz də xeyli maraq doğurdu, hətta müddəti də uzadıldı.
- Hə, elədir. Tamaşaçıların xahişi ilə sərginin müddəti daha bir neçə gün uzadıldı.
- Bizdə tamaşaçıların gəlişi sizi qane elədi?
- Çox yüksək səviyyədə oldu. Bəzən deyirlər ki, Azərbaycanda sərgiyə heç kəs gəlmir. Hər gün minlərlə adam gəlirdi.
- Özü də həmin vaxt güclü küləklər əsirdi...
- O soyuqda ki, camaat gəlirdi, mən minnətdarlığımı bildirmək üçün az qalırdım onların əlindən öpüm. Ağdaşdan Bakıya gəlib, sərgiyə baxıb elə həmin gün qayıdanlar vardı. Yəni, bu cür maraq yaşandı. Hər rəssamın özünün tamaşaçı auditoriyası var. Rəssam var ki, bircə açılış günü sərgisinə gəlirlər, sonrakı günlər salon bomboş olur. Rəssam da var ki, axın olur. Ona görə bir rəssam kimi sərgimə bu qədər tamaşaçı gəlməyinə sevindim. Adətən, rəssamları üzdən çox yaxşı tanımırlar, aktyorları, musiqiçiləri tanıyırlar, rəssamları isə yox, amma mən hansı sərgiyə, tədbirə gedirəmsə tanıyır, yaxınlaşıb şəkil çəkdirmək istəyirlər.
- Bəlkə sosial şəbəkədə aktivlik göstərirsiniz, ondandır?
- Əksinə, mən sosial şəbəkədən heç istifadə edə bilmirəm. Buna vaxtım da yoxdur. Gecə 11-12-də evə gedirəm və sosial şəbəkəni izləmək yerinə, uzanıb fikirləşirəm ki, bu gün nəyi səhv, nəyi düz elədim? Bəlkə də mənim uğur qazanmağımın səbəbi odur ki, hər gün özümü tənqid edir, özümə hesabat verirəm.
- Bu hesabat təkcə sənət barədədir?
- Hər barədə. Bütün gün nə olursa, axşamlar bir-bir düşünüb səhvlərimi, düzlərimi ayırd edirəm. Əgər bu gün sənətdən əlimi çəksəm, desəm ki, gedib balıq tutub, həyatımı yaşayacam, yenə heç nə itirmərəm. Çünki sənətdə nəsə eləmişəm. Ancaq bununla razılaşmaq olmaz. Bəlkə sabah bundan da yaxşı əsərlər çəkəcəm? Bəlkə sabah, ümumiyyətlə, indiyə qədər yaratdıqlarımın üstündən xətt çəkib tamam başqa istiqamətdə yaradacam? Çünki kim deyirsə ki, tapmışam, yalan deyir. Ölənə qədər axtarışda olmaq, öyrənmək lazımdır. Bir də sən nə qədər eləsən də, ən böyük rəssam Allahdır və Allahın yaratdığının qarşısında acizsən. Ən böyük müəllim də odur.
- İtalyan rəssam Tisian isə deyir sənət təbiətdən üstündür.
- Yalan deyir. Elə şey ola bilməz. Tisian demir lap, kim deyir, desin. Mənim çəkdiyim portret, məsələn, sizin portretinizi çəkirəm, sizdən üstün ola bilər? Yox. Mən yalnız bir anı tutub çəkirəm.
- Belə çıxır rəssam Allahı yamsılayır?
- Allah yaratmasaydı, rəssamın beynində nə ağac olacaqdı, nə bulud olacaqdı, nə də başqa əşyalar. Ümumiyyətlə, o anlayışların heç biri olmayacaqdı.
- Mənim bildiyim qədəri ilə xüsusilə Qərb rəssamlığının kökündə məcazi mənada desək, Allaha qarşı bir üsyan, öz qüdrətini nümayiş etdirmək cəhdi dayanır.
- Elə deyil. Həyatda nəyi tapırıqsa, onu Allah yaradıb. Bilirsiniz, anormallıq nədədir? Sakit Məmmədov bir süpürgəçinin portretini çəkir, həmin portret olur 50 min manat, amma süpürgəçinin ömür boyu qazandığı heç 50 min manat deyil. O Allahın yaratdığı əsər, bu da Sakit Məmmədovun yaratdığı əsər. Buna görə düşünürəm ki, dünyanın tərəzisi pozulub.
- Öz işinizin içində nizamsızlıq görürsünüz?
- Nizamsızlıqdır, əlbəttə. O süpürgəçi yaxşı yaşamaqdansa, mənim əsərim yaxşı yaşayır, divardan-divara gəzir. Bu elə dünyada nizamın pozulmasından xəbər verir.
- O zaman niyə rəsm çəkirsiniz?
- Bilirsiniz niyə çəkirəm? Çünki Allah istəməsə, bu istedadı verməzdi. Allah öz gücünü göstərmək üçün rəssama da, yazıçıya da bu istedadı bəxş edir. Yazıçı guya sözləri özündən yaradır? Bir şeirə baxırsan, deyirsən ki, mən də bu sözləri bilirdim axı? Necə olur ki, Məmməd Araz o sözləri yan-yana qoyanda şeir yaranır, sən yan-yana qoyanda yox? “Dünya mənim, dünya sənin, dünya heç kimin” - üç cümlədir, amma nə boyda məna verir. Bu da Allahın hikmətidir. Ona görə Nəsimi deyir: “Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur”. Yəni Yer qübbəsi mürəkkəb qabı, okeanlar mürəkkəb, ağaclar da qələm olsaydı, yenə Allahın sözü bitməyəcəkdi. Bitmir də. Və rəng də bitmir.
- Belə çıxır Siz əsərlərinizlə Allahın varlığını təsdiq edirsiniz?
- Bəli, mən əsərlərimlə Allahın varlığını təsdiqləyirəm, ona görə də axtarışdayam.
- O zaman əsərlərinizi də Allahın möcüzəsi saymaq olar?
- Xeyr, mən özümü, sizi Allahın möcüzəsi sayıram. Hər birimiz Allahın möcüzəsiyik. Mən özüm “Bismillah” deyib sonra çəkməyə başlayıram və ən böyük müəllimim olan Allahdan izn alıram.
- Bəs Sizə təsir edən rəssam-müəllimlər kimlər olub?
- Müxtəlif yaş dövrlərində hansısa müəllimlərin təsiri ola bilər. Əslində, müəllim öyrətmir, sən özün öyrənirsən. Mən tələbə vaxtı həftənin bir neçə günü Ermitaja gedirdim, fikirləşirdim ki, bir müəllimdən öyrənməkdənsə, gedib Ermitajda rəsmlərdən öyrənim. Ordan çıxanda da həmin əsərləri Allahın yaratdığı insanlarla müqayisə edirdim və düşünürdüm ki, ən böyük əsər elə Allahın yaratdığıdır.
- Əsərlərinizin hər birinin müəyyən maddi dəyəri var. Bəs bunların Sizin üçün mənəvi dəyəri nədir? Hər hansı ekstremal şəraitdə onlardan imtina edə bilərsiniz?
- Əlbəttə, imtina edərəm. Tutalım mən zamanında əgər bir kişinin portretini çəkmişəmsə, bilsəm ki, o xəstədir, mən həmən rəsmi onun sağlamlığına qurban verərəm. Demək istəyirəm ki, həyatda ən böyük mükafat Allahın verdiyi istedad, bir də ruhdur. Ruh Allahın özünə lazımdır, istedad isə insana. Sən bu istedadla bəşəriyyəti gələcəyə də apara bilərsən, məhv də edə bilərsən.
- İş prinsipiniz necədir?
- Mən çalışıram emalatxanada özümü gənc hiss edim. Ona görə yetmişinci illərin mahnılarını qoyuram, o mahnılar məni Əzim Əzimzadədə (Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi-red.) oxuduğum illərə aparır, elə bilirəm, o yaşdayam. Ondan sonra çalışıram daxilən elə o yaşda qalım və düşünməyə başlayıram. Mən işləyən vaxtı muğama qulaq asa bilmirəm. Çünki muğam, qəzəl məni aparır, diqqətimi yayındırır.
- Rəsmin ideyası Sizə necə gəlir?
- İdeya hər yerdə gəlir. Bir də görürsən ki, yuxuda gəlir. Yanımda həmişə bloknot olur, ayılıb qaranlıqdaca ora qeyd edirəm, yoxsa səhəri gün unuda bilərəm.
- Yenə də gənclik dövründəki ilhamla çəkirsiniz, yoxsa getdikcə professionallıq, texnika özü Sizi aparır?
- Xeyr, xeyr. Gənclik dövründə ilham olmur, gənclik dövründə sən yalnız professionallığı öyrənə bilərsən. Çünki ilhamla çəkmək üçün sənin əlin ürəyinlə uyğunlaşmalıdır. Gənclikdə isə yalnız texniki məsələlərə diqqət edirsən, indi isə heç səhvlərə də fikir vermirsən, əsas odur fikrini çatdıra biləsən. Yaşlandıqca da ilham çoxalır, sevgi çoxalır, azalmır. Gənclikdə necə sevirsənsə, elə də ilham alırsan, çünki gənclikdə sevgi dağınıq olur. Amma indi həyatda sənə nə lazımdırsa, onu tapa bilirsən. Ona görə də mənim üçün ən gözəl yaradıcı dövr bu yaşdan sonradır.
- Sizin üçün bir rəssam kimi gözəllik nədir?
- Rəssam əgər gözələ, çirkinə fərq qoyursa, deməli, o rəssam deyil.
- Bəs gözəllə çirkini necə seçirsiniz?
- Ən eybəcər insandan da gözəl portret yaratmaq olar.
- O zaman Monika Belluççini niyə çəkdiniz?
- Monika Belluççini gözəlliyinə görə yox, sadəcə, hamı bizə onu gözəl kimi aşılayıb, ona görə çəkdim.
- Gözəl deyil?
- Yox, gözəldir, hər şey idealdır. Sadəcə Monika göz qabağındadır deyə, bizə elə gəlir ki, ondan gözəl yoxdur. Azərbaycanda elə qızlar var ki, Monikadan min qat gözəldirlər. Bilirsiniz necədir, gözəllik də bir müddət sonra yoxa çıxır. İnsan var ki, gəncliyində o qədər gözəl olur, yaşlandıqca şeytana oxşayır, içinin pisliyi üzünə vurur. İnsan da var, gəncliyində o qədər də gözəl deyil, amma yaşlandıqca üzünə nur gəlir. Adam baxdıqca baxmaq istəyir. Ona görə də adamın içindəki daxili gözəllik üzə vurmalıdır.
- Portret çəkəndə də bu nuru verməyə çalışırsınız?
- Əlbəttə. Sən onu yaşlı vaxtda daha yaxşı görürsən, gənc vaxtda sən ancaq çalışırsan ki, portreti oxşadasan. Mənə elə gəlir ki, insanı nurlandıran da onun ruhudur.
- Adama baxan kimi onun içində nur olub-olmadığını hiss edə bilirsiniz?
- Niyə hiss etmirəm?! Gəl gedək insanların çox olduğu bir yerə, məsələn, metroya. Mən adamlara baxım, sənə bir-bir deyim ki, kim yaxşı, kim pis adamdır. Məndə elə bir enerji var ki, o dəqiqə onu hiss edirəm.
- Bu, rəssamlıqdan gəlir?
- Ola bilər. Minlərlə insan üzü çəkmişəm, cızma-qaralar eləmişəm, yəqin bunların təsiri olub.
- Heç olubmu ki, kimisə görmüsünüz, naturaçı kim çəkmək istəmisiniz, ancaq alınmayıb?
- O qədər olub. Həsrətlə baxmışam ki, kaş onu çəkə biləydim. Toyda görmüşəm, baxmışam ki, çox gözəl obrazdır, amma yaxınlaşıb deyə bilməmişəm ki, sizin rəsminizi çəkmək istəyirəm. Alınmayıb. Bura Azərbaycandır, mən yaxınlaşıb necə deyə bilərəm ki, sizin xanımınızı portretini çəkmək istəyirəm? Bəlkə də həmin adam istəyərdi ki, Sakit Məmmədov onun rəsmini çəksin. Ancaq alınmır… Çox olub…
- Dünyada Sizə münasibət bəllidir. Bəs bizdə rəssamların, sənətşünasların münasibəti necədir?
- Azərbaycanda sənətşünas demək olar ki, yoxdur. Kim kimlə oturub-durursa, kim-kimi tanıyırsa, ondan yazır. Bizim içimizdə müəyyən şeylər var ki, obyektiv yazmağa imkan vermir. Tutalım kiminsə məndən acığı gəlir, lap yaxşı, sən məni neynirsən, sənətimi yaz. Yox, gərək sən onunla oturub araq içəsən, əlli-əlli vurasan ki, səndən nəsə yazsın. Yazdığı da ümumi bir şey olacaq. Düzdür, bizdə Sevil Kərimova kimi sənətşünaslar var. Ancaq çox azdır.
- Gənc rəssamları necə, bəyənirsiniz?
- Çox qabiliyyətli, istedadları gənclərimiz var. İnanıram onlar dünya çapında rəssam olacaq.
- Oğlanlarınız Nizar və Cəsar Məmmədovlar da rəssamdırlar.
- Bəli.
- Onların yaradıcılığını necə qiymətləndirirsiniz?
- Qiymətləndirmək deyəndə ki, mən o yaşda heç kimi qiymətləndirmirəm. Çünki yaşlarına görə yaxşı rəssamdırlar, amma bayaq ilham dedik, o ilham gəlməlidir. İndi sırf professionallıqla çəkirlər. Əvvəlcə insana professionallıq lazımdır, çünki professionallıq ruhu ortaya qoyur, ruh da şəxsiyyəti ortaya çıxarır. Onlar hələ professionallıq səviyyəsindədir. Bunun üçün çox çalışmalıdırlar.
- Tələbə vaxtı çox çalışırdınız?
- Bəlkə də afrikalı qullar heç mənim qədər işləmirdilər, gecə-gündüz çalışırdım. Onun sayəsində Lenin təqaüdü almışdım. Hətta mən İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasını bitirəndə bizim rektor dedi ki, Azərbaycana getmə, mən azərbaycanlıları tanıyıram, onlar sənin sənətinə qiymət verməyəcəklər. Sənin Bakıda evin yox, şəraitin yox, gedib nə edəcəksən, qal burda. Mənsə ona cavab verdim ki, ola bilsin, mənim Bakıda indi evim yoxdur, ancaq vaxt gələcək adıma Bakıda küçə olacaq (gülür).
- Bayaq tələbəliyinizdən danışanda dediniz ki, tez-tez Ermitaja gedirmişsiniz. Mənim yadıma Mircavad düşdü. O da Leninqradda olanda hər gün Ermitaja gedər, qadağan olunmuş rəssamların yaradıcılığı ilə tanış olarmış. Bilmək istəyərdim Mircavada münasibətiniz necədir?
- Mircavad rəssam kimi çox yaxşıdır. Ancaq o tamam başqa səpkidə çəkib, mən tamam başqa səpkidə çəkirəm.
- Belə başa düşdüm ki, Sizin rəssamınız deyil.
- Böyük rəssamdır, ancaq mənim rəssamım deyil. Ruhən mənə yaxın rəssamlar olub, olacaq da. Deyək ki, mənim Qustav Klimptdən çox xoşum gəlir. Zamanında Karneliu Babadan da çox xoşum gəlirdi.
- Azərbaycan rəssamlarından kimi bəyənirsiniz?
- Bizimkilərdən ən çox xoşuma gələn rəssam Mikayıl Abdullayevdir.
- Bayaq Səməd Seyidovun adını çəkdiniz. Siyasətçilərdən kimlərlə dostluq edirsiniz?
- Mən heç kəslə dostluq etmirəm, çünki buna vaxtım yoxdur. Biri xoşuma gələrsə, qəlbimdə onunla dostluq edərəm. Ancaq zamanımı xərcləyim, onunla bulvarda o baş, bu başa gəzim, bunu eləyə bilmirəm. Uşaqlıqda olan dostluğu isə heç dostluq saymıram. Dost ola bilər ki, heç üzünü görməyim, amma qəlbən mənə yaxın olsun. Bu şair də, yazıçı da, rəssam da, musiqiçi də ola bilər. Onlar mənim üçün dostdur, çünki məni yaşadırlar. Deyək ki, Demis Russosa qulaq asanda o dəqiqə birtəhər oluram. Çünki onu zamanında dinləmişəm, hələ də dinləyirəm. Bezməmişəmsə, deməli, onunla dostam. Vacib deyil ki, onunla oturum çay içim, ya bulvarda gəzim. Belələri çoxdur.
- Məsələn, Vaqif Mustafazadə...
- Bəli, çox böyük sənətkardır. Onu günlərlə dinləsəm də, bezmərəm.
- Ev muzeyinizdəki royal da, deyəsən, Vaqif Mustafazadənindir...
- Bəli, bəli, onundur.
- Almısınız?
- Bəli. Siyasətçilərlə, ümumiyyətlə vəzifəli insanlarla heç dostluq edə bilmirəm. Çünki vəzifəli insanlar vəzifəyə keçəndən sonra sanki hər şeyi bilmiş olurlar. Danışanda adamın sözün kəsirlər, ancaq sən ona qulaq asmalısan. Bilmirəm bu kreslodandı, ya nədəndir, yalnız o danışmalıdır, sən eşitməlisən. Arada da sənə məsləhət verir ki, son vaxtlar nə çəkirsən? Danışmağa başlayırsan, yenə sözünü kəsir.
- Amma sərgilərinizdə siyasətçilərdən, vəzifəli şəxslərdən iştirak edənlər çox olur...
- Bu artıq onların öz mədəniyyətidir, sağ olsunlar ki, sərgimə gəlirlər. Hansısa siyasətçi məni sayıb sərgimə gəlirsə, başımın tacıdır, bu mənim üçün böyük fərəh hissidir. Kaş elə bütün sərgilərə, bütün konsertlərə gedəydilər, onda deyərəm ki, hə, bunlar hər şeyi bilirlər. Siyasətçi bilirsiniz, birinci öz işini bilməlidir. Öz işini biləndən sonra incəsənəti bilsə də olar, bilməsə də olar. Öz işini bilməyi bizə yetərlidir. Mən xarici səfərlərimdə, sərgilərimdə çalışıram ki, siyasətçilərə dəstək olum.
- İngiltərə Kraliçası II Elizabetlə görüşünüzün də məqsədi bu idi?
- Mən onunla üç dəfə görüşmüşəm. Birinci dəfə “Cıdır düzü” tablomu hədiyyə elədim. Kraliça soruşdu ki, bu polodu, dedim yox, çövkən oyunudur. İkinci görüşdə isə “Bahar qızı” tablomu hədiyyə elədim. Mən ona dedim ki, bahar qızı Novruzun simvoludur. Dünyada əsl yeni il də elə Novruzla başlayır, hər yer çiçəklənir, təzələnir, ancaq qışda hər yer donanda il necə təzələnə bilər? Bu yeni il olmaz. Yəni, müəyyən söhbətlər var ki, mən bu cür görüşlərdə ölkəmi təmsil etməyə çalışıram. Bir məsələni də qeyd etmək istəyirəm. Bəzi insanlar Azərbaycanı xaricdə yerli-yersiz tənqid edirlər. Azərbaycan bizim evimizdir, bizim üçün dünyanın mərkəzidir. Mən Azərbaycanın əleyhinə danışan insanlara üzümü tutub bir məsələni danışmaq istəyirəm. Kraliça ilə görüşdəki tədbirdə ən öndə, hörmətli yerdə bizim nümayəndə heyəti oturmuşdu. Həmin tədbirdə bizim Qarabağ atları da çıxış etdi. Orda çox ölkənin atları iştirak edirdi. Bizim atçılarımız da çox məharətlə çıxış etdilər. Mən atçılarımızı bir kənara qoyuram. Atlarımız özlərini necə məharətlə göstərdi! Atlarımız öz qəhrəmanlıqlarını, mərdliklərini nümayiş etdirdi və əsl Qarabağ atı olduqlarını sübut elədi. Ancaq bəzi insanlarımız var ki, özünü at qədər də göstərə bilmir. Mən onlara üzümü tutmaq istəyirəm ki, heç olmasa atlardan nəsə öyrənsinlər.
Mirmehdi Ağaoğlu
Digər xəbərlər