Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı
Soyqırımı Memorialının açılışında iştirak etdilər. Eyni zamanda, Xocalı rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Qeyd
edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası
sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən
dövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi
başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu
fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Son
beş ildə Böyük Qayıdışa doğru atılan addımların uğurlu nəticəsi göz önündədir.
Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata
keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı
üçün bütün zəruri addımlar atılır. Prezidentı İlham Əliyev hər zaman hədəflərdən
bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün
bütün zəruri olan addımlar atılacaq.
Sözügedən
səfər çərçivəsində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın
və qızları Arzu Əliyevanın Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü
xüsusi diqqətdə oldu və hər bir ölkə vətəndaşında böyük qürur hissi yaratdı. Bəli,
Xocavənd Böyük Qayıdışın növbəti ünvanı oldu. Prezident İlham
Əliyev sakinlərlə söhbət zamanı bildirdi ki, siz məndən bir qədər tez, bir
meçə gün əvvəl gəlmisiniz. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə
sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat, xoşbəxtlik içində, sülh, əmin-amanlıq
içində yaşayacaqsınız. Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün
həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma
torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət
içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız: «Əminəm ki,
bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu
torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan
qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş
il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal
altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək.
Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı
altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə
- Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu
yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında
cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik.»
Müzəffər
Ali Baş Komandanımız bildirdi ki, artıq o ağır dövr arxada qaldı, bir daha
qayıtmayacaq. Bu gün dövlətimiz, ordumuz güclüdür və xalqımız bu illər ərzində
artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər
belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq
vaxtıdır. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam
etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda
yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir.
Ölkəmizin
başçısı sakinlərlə görüşündə bu torpaqlarda infrastruktur layihələrinin uğurlu
icrasından, iş yerlərinin yaradılmasından geniş bəhs etdi. Vurğuladı ki, burada
yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Bu bölgənin
çox gözəl təbiəti, münbit torpağı, suyu, bulaqları var. Əsas odur ki, insanlar
artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın
başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq
olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla
baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri



