ABŞ səfiri Salyana səfər edib

2019-12-17 Baxış: 738
img

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən MAYAKİNFO-ya bildirilib ki, səfir Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ilə görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növləri və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqolar var. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.