Prezidentin sərəncamı ilə 73 minədək aztəminatlı ailə birdəfəlik yardım alacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” sərəncamına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən MAYAKİNFO-ya verilən xəbərə görə, birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılması nəzərdə tutulur.
Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək. Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq.
Digər xəbərlər