Bakıda onlayn narkotik satan narkokuryerlər tutulub - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən adamlar pulu onlayn ödəmə terminalları vasitəsi ilə Murad Rəhmanov kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.
Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq instintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstrazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Digər xəbərlər