Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlər açıqlanıb
Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.
MAYAKİNFO APA-ya istinadən xəbər verir ki, bu barədə "İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasında Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
O bildirib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularınn müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: "Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, Dövlət Proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir".
Ş.Eyvazov qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb: "Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək".
Şöbə müdiri bildirib ki, aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq: "Yəni, minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".
Digər xəbərlər