MSK 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış 2 namizədin müraciətlərini təmin etməyib.
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əsədov Kamran Alim oğlu 2020-ci il fevralın 24-də və Məlikov Soltanhəmid Hilal oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.
Müraciətlər eyni məzmunlu olduğundan və 61 saylı Neftçala seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər K.A.Əsədov və S.H.Məlikov müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 61 saylı Neftçala seçki dairəsinin bir sıra seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, seçki qutusuna topa bülletenlər atılmış, həmin seçki dairəsinin seçiciləri olmayan vətəndaşların səs verməsinə şərait yaradılmış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış və səslərin hesablanması zamanı qanun pozuntularına yol verilmişdir.
Eyni zamanda namizəd S.H.Məlikov seçkilər elan edilən vaxtdan namizədliyin qeydə alınması üçün imza toplama mərhələsində, həmçinin namizədliyin qeydə alınması və seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə pozuntuların olmasını iddia etmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar şikayətçilər 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində K.A.Əsədovla əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, S.H.Məlikovla isə əlaqə yaratmaq mümkün olmamışdır. Onlar Komissiyanın iclasında iştirak etməmişlər.
Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə təkrarən araşdırılmışdır.
Namizəd S.H.Məlikovun müraciətinin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.
Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bir nüsxəsi məlumat lövhəsində asılmışdır. Bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səsvermənin və səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərin, məntəqə seçki komissiyaları sədrlərinin, katiblərinin, üzvlərinin və digər seçki subyektıərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.
Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.
Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 61 saylı Neftçala seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı hallar müəyyən olunmamışdır.
Beləliklə, 61 saylı Neftçala seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən namizədlər K.A.Əsədovun 24 fevral 2020-ci il tarixli 398 saylı və namizəd S.H.Məlikovun 25 fevral 2020-ci il tarixli 416 saylı müraciətləri əsassız hesab edilərək təmin edilməməlidir. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 61 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əsədov Kamran Alim oğlunun 24 fevral 2020-ci il tarixli 398 saylı və Məlikov Soltanhəmid Hilal oğlunun 25 fevral 2020-ci il tarixli 416 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Digər xəbərlər