DYP Bakı, Sumqayıt və Abşerona nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb

2020-03-17 Baxış: 638
img

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar məlumat yayıb. 

Qurumdan MAYAKİNFO-ya verilən xəbərə görə, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərara əsasən, martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək: "Təhlükəsizlik tədbirləri ilə əlaqədar DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunacaq. 

Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması üçün xüsusi rejimə riayət edilməsi məqsədilə 18 mart tarixində günorta saatlarından sonra paytaxt istiqamətinə hərəkət etməsinlər. 

Həmçinin sürücülərin diqqətinə çatdırılır ki, xüsusi buraxılış rejimi qaydalarını pozan, eləcə də polisin qanuni tələblərinə tabe olmayan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq".