Azərbaycanda koronavirusa 6 yeni yoluxma qeydə alınıb, bir nəfər ölüb

2020-03-25 Baxış: 559
img

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb. Qərargahdan MAYAKİNFO-ya verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı aşkarlanıb.

Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilib və karantinə götürülüb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. 

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.