Sədr müavini: "Fəaliyyətinə icazə verilən vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər"
"Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edəndə onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər”. MAYAKİNFO-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
Onun sözlərinə görə, həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər: "Əsas məsələ budur ki, həmin şəxs icazə almış olsun. Eyni zamanda bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq. Aidiyyəti qurumların müstəsna hüquqları var ki, istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlasın. Bütün hallarda yoxlanıla bilər, ancaq bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa, həmin şəxslərin karantin rejimini pozmasına görə cərimələnməsi mümkündür”.
C. Salmanov onu da bildirib ki, vətəndaşlar icazə verilən 2 saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər: "Yəni məsələn, əgər vətəndaş Yasamalda yaşayırsa və aptekə getmək istəyirsə, icazə üçün verilən 2 saat müddətində Bakının digər rayonlarındakı aptekə də gedə bilər".
Digər xəbərlər