Prezident İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

2020-06-11 Baxış: 685
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

MAYAKİNFO xəbər verir ki, “Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə - onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.

Prezident İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?

Baba Rzayev: Bu, qidalandırmırdı.

Prezident İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?

Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. “Əhmədli” bir nömrəli qəza mənbəyi idi.

Prezident İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.

Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.

Prezident İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.

Baba Rzayev: Cənab Prezident, “Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.

Prezident İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.

Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən “Görədil” işə salınıb.

Prezident İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.

Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.

Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq “Böyükşor” yarımstansiyasını qapalı “GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.