Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edib

2020-08-24 Baxış: 946
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

MAYAKİNFO-nun xəbərinə görə, dövlət başçısı videoqəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik.

Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır.

Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var.

Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır.

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.

Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur.

Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur.

Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz Douing Business proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır.

Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə bu məsələlər öz həllini tapacaq.

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görsə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun.

Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz.

Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

X X X

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov deyib:

-Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzlə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmnunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümü bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov deyib:

-Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edib, minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.