Gənclərin İnkişaf və Karyera Mərkəzi region gəncləri üçün yeni vakansiyalar elan edir
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir.
Mərkəzdən MAYAKİNFO-ya bildiriblər ki, vakansiya Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 oktyabr tarixli Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Fondun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsinə dair tapşırıq əsasında həyata keçirilir. Bu tapşırığın icrası ilə əlaqədar Ağdaş, Ağsu, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Qobustan, Salyan, Siyəzən, Şirvan, Tovuz, Ucar, Xızı, Yardımlı və Zərdab rayonlarında Gənclərin İnkişaf və Karyera mərkəzlərinə direktor, könüllülər üzrə mütəxəssis, tədbirlər və layihələr üzrə mütəxəssis və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan olunur.
Gənclərin İnkişaf və Karyera Mərkəzi həmin rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət üçün dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və “GencApp” mobil tətbiqi vasitəsilə oktyabrın 15-dək onlayn qeydiyyatdan keçə bilərlər.
Namizədlər işə qəbul olunacaqları halda müraciət etdikləri region üzrə GİKM-in tam ştat vahidi əsasında işçisi kimi qeydə alınacaqlar və əvvəlki iş yerini tərk etməli olacaqlar. Həmçinin vakansiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.
Digər xəbərlər