“Vətən uğrunda” medalı ilə təltif olunan 19 yaşlı qəhrəman əsgər - Səfər Həsənov

2020-12-19 Baxış: 1041
img

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük ikinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər.

Belə qəhrəmanlardan biri də Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan 19 yaşlı Səfər Həsənovdur. İstedadlı rəssam olan Səfər 2001-ci il sentyabrın 18-də Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar bir müddət Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar. Səfər Buzovnadakı 26 nömrəli orta məktəbdə oxuyub, sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib. Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib. Səfər Həsənov 2019-cu il oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonu ərazisində xidmət edib. Daha sonra hərbi xidmətini Tərtər rayonunda N saylı hərbi hissədə davam etdirən Səfərin atıcılıq bacarığı qiymətləndirilib və Mingəçevir şəhərində xüsusi snayper təlimlərinə cəlb olunub. O, sərrast nişançı kimi fərqlənib.

Şəhidin anası Şəlalə Həsənova deyir ki, Vətən müharibəsi başlayanda Səfər də əsgər yoldaşları ilə döyüş bölgəsinə yola düşüb: “Komandirinin dediyinə görə, Səfər Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib, atdığı güllələrdən biri də boşa çıxmayıb. Rəssamlıq qabiliyyətinə görə hərbi xəritələrin çəkilməsində də iştirak edib. Düşməndən azad olunan ərazilərdə hərbi xəritələrin tərtibatı ona tapşırılıb. Oktyabrın 17-də gecə saatlarında isə düşmən Suqovuşan-Ağdərə istiqamətində yenidən hücuma keçib. Səfər və yoldaşları hücumun qarşısını alıblar. Komandiri deyir ki, Səfər öndə snayperlə düşmənləri məhv edə-edə irəliləyir, əsgərlərimiz üçün yol açırdı. Əsgərlər hücuma keçəndən sonra komandir Səfərin səsini daha eşitmədiyinin fərqinə varır. Həmin döyüşdə uğur qazanıb qayıdarkən Səfəri əlində silahı şəhid olduğunu görüblər. Onun yaxınlığına minomyot mərmisi düşüb və Səfər partlayış nəticəsində şəhidlik zirvəsinə ucalıb”.

Səfər xasiyyətcə sakit, mülayim insan olub. Sənətə bağlılığı onun Vətənə olan sevgisini daha dərin, həssas edib. Xidmət müddətində ailə üzvlərinə zəng edərkən daim yüksək əhval-ruhiyyəsi hiss olunub, hətta döyüşlər müddətində belə ailəsinə hər şeyin yaxşı olduğunu, qələbə ilə irəlilədiklərini dəfələrlə söyləyib.

Şəhidimiz noyabrın 21-də Buzovna qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Səfər Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medialı ilə təltif olunub.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən 2783 igidin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərimizin qisasını alaraq, düşməni darmadağın etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Məhz doğma yurdumuz uğrunda ölümü gözəl alan, bu yolda şəhid olsa da, yaralansa da, bir addım da geri çəkilməyən qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqlarımız otuz illik işğaldan sonra azadlığa qovuşdu.