Şəhid Ataməli Musaoğlunun ailəsi ziyarət edilib

2021-02-11 Baxış: 712
img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Qələbəmizə öz töhfəsini verən qəhrəman şəhidlərimizdən biri olan Ataməli Musaoğlunun ailəsini (Qaradağ rayonu, Lökbatan qəsəbəsi) ziyarət edib.

Ali təhsilini bitirdikdən sonra ixtisası üzrə peşəkar psixoloq kimi fəaliyyətə başlayan Ataməli Vətən müharibəsi başlayarkən torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda döyüşlərə yollanıb. Döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin ailəsi ilə görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun  əldə etdiyi tarixi Zəfərimizdən bəhs edilib. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən A.Musaoğlunun xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. Şəhidin ailəsinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib. 

Agentlik sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib. Onların sosial vəziyyətinin bütün digər bu kateqoriyadan olan ailələr kimi dövlətimiz tərəfindən hər zaman diqqətdə saxlanılacağı qeyd edilib. Agentliyin səlahiyyətində olan məsələlərlə bağlı şəhid ailəsinə dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.