Prezident İlham Əliyev: “Bəsitçay təbiət qoruğunun bərpasına start verildi”

2021-02-15 Baxış: 721
img

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olublar.

MAYAKİNFO-nun xəbərinə görə, erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkiblər.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxıblar.

Prezident İlham Əliyev deyib: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.

Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.

Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir”.