Bu millətin qəhramanlığı soyundan gəlir!
Tarixin bütün dövrlərində, Vətənimizin, doğma Azərbaycanımızın üz-üzə qaldığı
bütün sınaqlar, eləcə də xalqımızın adı ilə
bağlı olan qəhrəmanlıq səlnamələri
bizi öz kökümüzə daha möhkəm tellərlə
bağlamış, bizi böyük xalq etmişdir. Ata-babalarımızın zaman-zaman keçdiyi hünər yolu qəlbi
Vətən sevgisi ilə çağlayan hər bir Azərbaycan əsgərinin ruhuna hopmuş, ona rəşadət
nümunəsi olmuşdur. Tarixi faktlar göstərir ki, xalqımız əsrlər boyu ağrılı-acılı,
enişli-yoxuşlu dönəmlərdən keçmiş, ağır sınaqlarla üz-üzə durmuşdur. XX əsrdə
xalqımızın başına gələn müsibətlər bu sınaqların bir parçası olmuşdur. Biz 20
Yanvar faciəsindən, Xocalı soyqırımından keçdik, müqəddəs torpaqlarımız uğrunda
gedən döyüşlərdə saysız-hesabsız şəhidlər verdik, lakin sarsılmadıq. İndi də
sarsılmırıq. Çünki Vətən müharibəsində arxamızda duran və bizi qələbədən–qələbəyə
ruhlandıran, Müzəffər Ordumuz var idi. Bu ordunun və ona Komandanlıq edən Ali Baş
Komandanın sayəsində biz qalib gəldik. Onların sayəsində torpaqlarımızın
bütövlüyünü bərpa etdik. Yenilməz bayrağımız və ordumuzun varlığı qürur mənbəyimizdir.
Xalqımızın birliyi Müzəffər ordumuzun rəşadətli əsgərlərini döyüşdən-döyüşə
ruhlandırdı. Nəticədə Azərbaycan əsgərinin qəhrəmanlığı və döyüş əzmi sayəsində
bütöv Azərbaycan olduq. Qanlı müharibədə əlbəyaxa döyüşlərə girən, Vətən
namusunu hər şeydən uca tutan qəhraman oğullarımız heç nədən, heç kəsdən
qorxmadı, arzusuna çatmaq üçün var qüvvəsi ilə döyüşdü. Budur Azərbaycan əsgərinin
döyüş əzmi, budur Azərbaycan ordusunun vüqarı, mübarizliyi! Bəli, əsgərlərimiz
torpaqdan boy atıb, torpaqdan ucalıb. Torpaq bizim anamız, beşiyimiz və son mənzilimizdir.
"Torpaq-uğrunda ölən varsa, Vətəndir". Deməli, torpağı Vətən edən,
bayrağını uca tutan onun qəhrəman əsgərləri və Müzəffər ordusudur. Azərbaycan
ordusuna, onun əsgərlərinə eşq olsun. Ordumuz qürur mənbəyimizdir.
Ülviyyə Abdullayeva
Digər xəbərlər