Ölkədə aparılan siyasi kursun bir amalı var, vətəndaşlar üçün layiqli həyat şəraitini qurmaq, Azərbaycanımızı qüdrətli bir dövlətə çevirmək.

2021-03-10 Baxış: 600
img
Tarix boyu hər bir dövlətin müstəqilliyinin, dövlətçilik tarixinin şərəfli və uzun müddətli olması hakimiyyətdə olan iqtidarın apardığı daxili və xarici siyasətin düzgün qurulmasından aslı olub. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən birinə çevrilib. Bütün bu amillər aparılan düzgün siyasi kursun nəticəsində mümkün olmuşdur. Ölkə vətəndaşları bu gün yaşından, sosial mövqeyi və statusundan asılı olmayaraq Dölət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasi kursu yekdilliklə bəyənir və dəstəkləyirlər. Əlbətdə ki, bu münasibəti yaratmaq, formalaşdırmaq, dayanaqlı etmək, demokratik və sosial yönümlü islahatlar həyata keçirmək böyük peşəkarlıq və siyasi iradə tələb edir. Əminliklə deyə bilərik ki, iqtidar tərəfindən muxalifətə qarşı münasibətlərdə anlaşma, siyasi dialoq mövqeyinin ortaya qoyulması Ölkəmizin bu sahədə apardığı dövlət siyasətinin ən yüksək göstəricilərindən biri hesab edilir. Müxalifətin isə bu dəyəri qiymətləndirməsi artıq onlardan dərin siyasi savad və reallığı düzgün dəyərləndirmək bacarığı tələb edir. Dövlət bu gün vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin, siyasi partiyaların Azərbaycanın daxili siyasi həyatında aktiv iştirakına maraqlıdır və bu sahədə onların fəaliyyətinin aktivləşməsinə və proseslərdə yaxından iştirakına yardımçı olmağa hazırdır. Hər birimiz başa düşməliyik ki, bu gün Azərbaycanın yerləşdiyi coğrafi mövqe çox mürəkkəbdir. 44 günlük Vətən Müharibəsi zamanında da bizlər bu mürəkkbəliyin, dünya dövlətlərinin regionda olan maraqlarının şahidi olduq. Kimin Azərbaycanın müttəfiqi olduğu, kimlərin isə fürsət düşən an əleyhimizə çağırışlar edib düşmən tərəfin maraqlarının müdafiəsinə qalxdığının əyani şahidi olduq. Aparılan düzgün xarici-diplomatik siyasət, ordu quruculuğu və iqtisadi imkanlarımız bizim Vətən Müharibəsindən qalib ayrılmağımızı şərtləndirdi. Bu qələbənin əldə olunmasını şərtləndirən əsas amillərdən biri, dünyanın ayrı-ayrı güc mərkəzləri tərəfindən qaldırılan və səsləndirilən müxtəlif çağırışların qarşısında bizləri bir edən, yumruq halında birləşdirən xalqın birliyi, vəhdəti oldu. Əldə olunmuş uğurları, qələbəmizi, regionda sülhün davamlılığını təmin etmək üçün hər birimiz ciddi çalışmalıyıq. Amma çox təəssüflər olsun ki, xaricdə olduğu kimi bu zəfərə, haqq savaşımıza qıcıqlanan, sarsıntı keçirən adını müxalifət qoyan, amma bütün varlıqları ilə öz xalqına, dövlətinə qənim kəsilən qüvvələrin də çağırışlarının, çıxışlarının şahidi olduq və oluruq. Bu qüvvələrin fikirləri, düşüncələri elə özləri kimi əyri, yalan, satqınçılıq mövqeyi seçən az sayda tərəfdarlarının yanında keçərli ola bilər. Xalq o insanların iç üzünü, hakimiyyətdə olduqları o qısa vaxt kəsiyində gördü və onların hansı maraqlar naminə siyasətə gəldiklərinin şahidi oldu. Bu xain qvvələrdə bu gün hakimiyyət tərəfindən iqtidar – müxalifət arasında siyasi dialoq mühitinin yaranmasına yönəlik ortaya qoyulmuş siyasi iradəyə ləkə, kölgə salmaq istəyi açıq aydın hiss olunmaqdadır. Onların qıcıqlanmasını şərtləndirən əsas amillərdən biri, Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməsidir. Aydın görünür ki, bu dairlər bu birliyi həzm edə bilmir və ya həzm etmək istəmirlər. Bu gün Azərbaycanın ictimai-siyasi fikir tarixində deyərdim ki, ilk dəfə olaraq iqtidar-müxalifət arasında sağlam dialoqun qurulması və yeni siyasi dövrün başlanılması üçün konkret real addımlar atılmaqdadır. Bütün bu aparılan demokratik, hüquqi islahatlar nəticəsində xalqla ölkə rəhbərliyi arasında yaranan birlik, vəhdət bəzi xarici və daxili dairlərin məkrli niyyətlərinin baş tutmamasını şərtləndirəcəkdir. Bizlər tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında böyük zəfərlərə imza atmaqda davam edəcəkdir.
 
Şakir Bəşirov
Neftçala rayon ziyalısı