Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Azərbaycan deyəndə xatirələrimdə qaranlığın bətnindən
sıyrılıb çıxan, aləmi nura qərq edən Günəş canlanır. Bu Günəş əsrimizin o üzündə
yolunu azan talelərin yoluna işıq saçdı, gələcəyi aydınlatdı. Azərbaycan deyəndə
xalqının qara taleyinə Günəş kimi doğan, onu aydınlığa qovuşduran Şəxsiyyəti-Heydər
Əliyevi heç vəchlə unutmaq olmaz. Məhz onun iti, uzaqgörən siyasəti nəticəsində
Azərbaycan bugünkü səviyyəsinə yüksəldi. İlk dəfə hələ 46 yaşından Azərbaycana
rəhbərlik edən Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci
katibi olduğu dövrdə SSRİ-nin təzyiqlərinə baxmayaraq, ölkənin gələcəyini düşünmüş,
mənsub olduğu xalqın təhsilli, iti dünyagörüşlü olması üçün var qüvvəsini sərf
etmişdir. Sonradan Moskvada rəhbər vəzifələrə irəli çəkilən Heydər Əliyev erməni
siyasətçilərinə və o vaxtkı ermənipərəst qüvvələrə öz məkrli siyasətlərini həyata
keçirmələrinə imkan vermirdi. Daim Azərbaycanı düşünən, qəlbi Vətənlə döyünən
Heydər Əliyevin rəhbərlikdən getməsi düşmənə əl-ayağını açmaq üçün şərait
yaratdı. 1990-cı il Qanlı yanvar faciəsi bunun əyani sübutudur. O vaxt bütün
maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyev hadisə törədilən günün səhəri Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, xalqımıza qarşı törədilmiş
cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı
ildə Azərbaycana qayıdan Heydər
Əliyev ilk əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşamış, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuşdur. Bu o dövr idi ki,
ölkəmizdə siyasətdən uzaq siyasətçilər meydana gəlmiş, Ölkə rəhbərliyində
bacarıqsız rəhbərlər idarəçiliyi ələ almışdılar. Bir tərəfdən ermənilərlə
aparılan müharibə, digər tərəfdən daxili çəkişmələr ölkəmizi parçalanmaq, məhv
olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Azərbaycanın səmasında qara buludların
hökmran olduğu dövrdə xilaskara ehtiyac var idi. Hər kəs xalqın xilasını Heydər
Əliyevin Ölkə rəhbərliyinə gətirilməsində görürdü. Bütün nəzərlər o zaman
Naxçıvana dikilmişdi. Naxçıvandan gələcək o məşhur sima batmaqda olan gəmini- Azərbaycanı
ruzigarın sərt dalğalarından qoruya bilərdi. Belə də oldu, Azərbaycana rəhbərliyə
gətirilən Heydər Əliyev Azərbaycan tarixinə “Qurtuluş” sözünü qızıl hərflərlə yazdı. Onun 1993-cü ildən
Azərbaycan Prezidenti kimi fəaliyyətə başlaması ilə tariximizdə dönüş yarandı.
İlk öncə daxili sabitliyi qoruyan, bütövlüyü təmin edən Ümummilli lider cəbhədə
atəşkəsə nail oldu. Sonra Azərbaycanın beynəlxalq ələmdə təbliğini gücləndirən
Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz dünyanın nüfuz sahibi olan ölkələri
ilə birgə layihələrə qoşuldu. 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda
“Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və
hasilatın pay bölgüsü” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin
Müqaviləsi” imzalandı. Heydər Əliyevin Prezidentliyi
zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. İlk öncə orduda
nizam-intizamın yaradılması, zabitlərimizin qardaş Türkiyədə təlimlərə cəlb
olunması,digər ölkələrdə yüksək peşəkarlıq tələb edən təlimlərdə iştirakı ordumuzun
gücünü artırdı. Bu gün əminliklə deyirik, Qafqazın ən güclü ordusu Azərbaycan
ordusudur. Həm 2016-cı il Aprel döyüşlərindəki qələbələrimiz, həm də 44 günlük Vətən
müharibəsindəki Zəfərimiz bir daha sübut etdi ki, Ümummilli liderimizin o zaman
ordu quruculuğu sahəsində gördüyü işlər bu gün üçün dəqiqliklə hesablanmışdır.
Heydər Əliyevin ölkəmizin dünyada
layiqincə təmsil olunması üçün Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi
sahəsində çox dəyərli tarixi qərarları qəbul etməsi də diqqətçəkici məqamlardandır. 2001-ci il
noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı bunun əyani
sübutudur. Bu gün dünyanın dörd yanında ölkəmizi layiqincə təmsil edən
diasporumuz mövcuddursa, bu ,Ümummilli
liderimizin vaxtilə apardığı davamlı uğurlu siyasətin nəticəsidir. Bu gün müstəqil
Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır. Vaxtı ilə Ümummilli Liderimizin
apardığı uğurlu diplomatiya nəticəsində Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara
üzv olması, bu gün həmin beynəlxalq təşkilatlardan haqq səsini ucaltması ilə nəticələnir.
Gördüyümüz kimi, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasını təşkil
edir. Bu günkü qüdrətli Azərbaycan Ulu Öndərimizin inamlı və qətiyyətli siyasi
bacarığının sayəsində yüksəlmiş, bizlərə töhfə edilmişdir. Ömrünü xalqı yolunda
yorulmadan sərf edən, hər zaman milli mənsubəiyyəti haqda fəxrlə danışan dahi
Öndərimiz sabahın sabahını yaradanlardan olmuşdur. “Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”-deyən Ümummili Liderimiz!, biz də fəxr edirik, fəxr edirik ki, mənsub
olduğumuz xalqın tarixində sizin kimi parlaq sima var və bu sima ilə eyni xalqa
mənsub olmaq bizim üçün şərəfdir.
Rövşən Həsənov
Neftçala rayon sakini, ziyalı
Digər xəbərlər