Böyük qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır.

2021-03-16 Baxış: 558
img

Vətən müharibəsində uğurlu qalibiyyətin başlanğıcı məhz mənəvi üstünlüyə sahib olmağımızdan irəli gələn özünəgüvən hissi idi. Müharibənin başlanması xəbəri xalqımız üçün nə qədər ağrılı və acılı olsa da, digər tərəfdən doğma torpaqlarımızın erməni işğalından azad olmasının sevindirici müjdəsi idi. Doğmalarına, yurddaşlarına illərlə həsrət qalan vətən torpaqlarının bərpası, qeyrətli, haqq savaşına çıxmış Müzəffər Azərbaycan Ordusunun əzmkar qətiyyəti, xalqımızın Ali Baş Komandanının ətrafında sıx birləşməsi ilə, milli-mənəvi bütövlüyün tamamlanması ilə başa çatdı.Taleyinin yarım qalan bir hissəsini tamamlamaq Azərbaycan adlı məmləkətin, bu torpaqda boy atan hər bir kəsin özünə borc bildiyi həmrəylik və birlik bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi.İllərlə öz doğma yurd-yuvasından, elindən –obasından didərgin salınan həmyerlilərimizin xoş niyyəti nəhayət ki, həyata keçdi.Tarixi haqq-ədalət öz yerini tapdı. Hələ müharibənin ilk günlərində ordumuzun qələbə xəbərini eşitdikcə kimin haqlı, kimin haqsız olduğunu bütün dünya hiss etmişdi, lakin ermənipərəst qüvvələr, şər-böhtana boyun əymiş terrora dəstək verən ölkələr ən sonda həqiqəti təsdiqləməyə başladı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın uğurlu xarici və daxili siyasətinin davamı olaraq haqqa göz yuman , əvvəlcədən öyrədilmiş təxribat, ittiham xarakterli suallarla ölkəmizə təşrif buyurmuş xarici ölkə jurnalistlərinə izahlı, əsaslı dəlil və sübutlarla verdiyi tutarlı cavablar hər birimizin nə qədər yüksək intellektə və dünya siyasi prosesinə yaxından bələd olan liderimizin olduğunu gördük və göstərdik. Bütün bu proseslər hər bir azərbaycanlının vətənpərvər ruhda tərbiyə almasının vacib göstəricilərindən biri idi. Doğma Azərbaycanımızın uzun illərdir ayrı düşdüyü işğalda olan vətən torpaqları igid, mərd, qəhrəman Azərbaycan oğullarının, qızlarının birgə səyi və gücü hesabına erməni tapdağından azad edildi və öz həqiqi sahibinə qaytarıldı. Hər birimiz gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, onların bu torpaq, bu yurd üçün, onun sərhədlərinin bütövlüyünün toxunulmazlığı üçün əlimizdən gələni edirik və edəcəyik. Sabahımız olan bütün gənclər və yeniyetmələr “Vətən müharibəsi”ndə canından, qanından keçmiş şəhidlərimizi, qazilərimizi bir-bir yaxından tanımalı, onların qəhrəmanlığı hər birimizin dillər əzbərinə çevrilməlidir. Bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, biz qalib gəlmişik, zəfər çalmışıq, torpaqlarımızı erməni terrorundan azad etmişik. Son sözümü “Dəmir yumruq” əməliyyatının uğurlu devizinə çevrilmiş Ali Baş Komandanın sözləri ilə bitirmək istəyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Sayadov Ruslan.

Neftçala rayon sakini,  Azərbaycan dili və  ədəbiyyatı müəllimi