Neftçalanın 12 yaşayış məntəqəsi içməli su ilə təmin olunacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır.
ASC-dən MAYAKİNFO-ya bildirilib ki, layihə 12 yaşayış məntəqəsini - Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə, Abbaslı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndlərini əhatə edir.
İndiyədək bu yaşayış məntəqələrinin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılırdı. Qlobal iqlim dəyişikilyi nəticəsində Kür çayında suyun azalması və Xəzər dənizi suyunun çay istiqamətində axması səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmur. Yeni layihəyə əsasən, rayonunun 5 kəndini (Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) içməli su ilə təmin etmək məqsədilə 450 millimetr diametrli polietilen borularla 11 kilometr uzunluğunda magistral su kəmərinin tikintisi nəzərdə tutulub.
Eyni zamanda, yeni çəkiləcək magistraldan kəndlərdəki modul tipli sutəmizləyici qurğulara qədər 6 kilometr paylayıcı su xətləri çəkiləcək. Yaradılacaq yeni infrastruktur içməli su ilə ötən il istismara verilmiş Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistraldan təmin olunacaq.
Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən həmin kəndlərə 5,7 kilometr uzunluğunda yeni xətlər inşa olunacaq. Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilmiş magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbaslı kəndlərinə isə içməli su birbaşa magistraldan veriləcək. Bu kəndlərdəki modul tipli təmizləyici qurğuların təmiz su anbarına qədər ümumilikdə 3,8 kilometr uzunluğunda yeni xətlər çəkiləcək.
Yeddi yaşayış məntəqələrində tikinti-quraşdırma işlərinin 45 günə, digər 5 kənddə isə 75 günə yekunlaşacağı planlaşıdırılır. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra bu yaşayış məntəqələrinin 20 minə qədər sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Rayonun digər kəndlərinin içməli su tələbatı isə müvəqqəti olaraq sudaşıyan maşınlar hesabına təmin ediləcək. Maşınlarla daşınan su həmin yaşayış məntəqələrindəki mövcud modul tipli təmizləyici qurğuların təmiz su çənlərinə doldurularaq ümumi istifadə üçün quraşdırılmış bulaqlara ötürüləcək.
Son illər müşahidə olunan qlobal iqlim dəyişmələri nəticəsində Kür çayında suyun səviyyəsinin azalması Neftçala şəhəri, həmçinin rayonun 38 kənd və qəsəbəsinin içməli su təchizatında ciddi çətinliklər yaradıb. Yaranmış problemin aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən Şirvan-Muğan qrup su kəmərindən Neftçala rayonuna 2 magistral su kəmərinin tikintisi layihələndirilib. Bu kəmərlərdən biri Neftçala şəhərinin, digəri isə rayonun kənd və qəsəbələrinin su təminatı üçün nəzərdə tutulub.
Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq, 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 kilometr uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb.
2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Hazırda şəhər əhalisi dayanıqlı içməli su ilə təmin olunur. Rayonun 38 kənd və qəsəbəsini içməli su ilə təmin edəcək, eləcə də, Neftçala şəhəri üçün alternativ olacaq ikinci magistral kəmərin tikintisi ilə rayonun içməli su problemi tam həllini tapacaq.
Digər xəbərlər