Ulu Öndər Heydər Əliyev dühası hər zaman ermənilərin qorxulu yuxusu olmuşdur.

2021-04-19 Baxış: 610
img

14 iyul 1969-cu ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunması Azərbaycanın tarixində yeni bir dövrün başlanması idi. Bu, tənəzzül içində olan Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünüqayıdışa dönüşünün başlanğıcı idi. Bu tarix həm də erməni şovinistlərinin cəfəng “Dənizdən-dənizə”, “Böyük Ermənistan” ideyalarının tərkib hissəsi olaraq onilliklər boyu səngimək bilməyən Dağlıq Qarabağ iddialarının, Azərbaycandan torpaq qoparılmasının qarşısına etibarlı sipər çəkilməsinin, bu istiqamətdə ardıcıl, milli maraqlara uyğun mübarizə aparılmasının başlanğıcı idi. Tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, Azərbaycan xalqının, türk dünyasının böyük oğlu Heydər Əliyevin Dağlıq Qarabağ iddialı erməni şovinistləri ilə mübarizəsi onun Azərbaycanın KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən əvvəl başlamışdır. Bu mübarizə hər zaman qətiyyətli və ardıcıl olmuş, şovinist erməni planlarını alt-üst etmişdir.Ermənilər Heydər Əliyevi Azərbaycandakı və Moskvadakı vəzifəsindən uzaqlaşdırmaq, nüfuzdan salmaq üçün hərtərəfli fəaliyyət göstərirdilər. Bunu Heydər Əliyev də bilirdi və qeyd edirdi. O, 1987-ci ildə o vaxt qondarma Qarabağ cəmiyyətinin rəhbərlərindən olan İqor Muradyan adlı həyasız bir adamdan məktub aldığını və məktubda özünün hədələndiyini bildirmişdir.“Məktub müəllifi bildirirdi ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubda erməni terroristləri tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göndərilib. O məktubu ailə üzvlərimdən başqa heç kim görməyib”. Milli Liderəqarşı Ermənistanda rus dilində çıxan“Kommunist” qəzeti də çox hədələyici məqalələr dərc etmişdi. Demək olar ki, bütün yazılarda Heydər Əliyev ittiham edilir, Qarabağın Ermənistana verilməməsində onu günahlandırırdılar. Hətda bəzi yazılarda, Moskvaya göndərilmiş məktublarda Dahi Şəxsiyyətin məhkəməyə cəlb olunması tələb edilirdi. Sözün həqiqi mənasında şovinist ermənilərin Dağlıq Qarabağ iddialarının reallaşması yolunda Milli Liderimiz Heydər Əliyev sipər-maneə idi. Bunu erməni liderləri də dəfələrlə etiraf ediblər. Ermənistanın liderlərindən olmuş K.Dəmirçiyan təsadüfi deməmişdir ki, “ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olub: Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır, o kəşfiyyatçı bacarığı ilə hər tələdən qurtardı. O bizdən ağır zərblər alsa da , Azərbaycan xalqı ən çətin günlərdə yenidən onu Bakıya gətirəcək və bununla sizin düşündüyünüz arzulara son qoyacaq”. Ermənilərin bu qorxusunun səbəbi Heydər Əliyevin hansı işləri, hansı əməlləri idi? Bütün bu qorxunun mənbəyi nə idi? 1967-ci il 3 iyul tarixində Xankəndində 3 soydaşımızın heç bir əsas olmadan həbs edilməsi və heç bir əsas olmadan xüsusi bir amansızlıqla qətlə yetirilməsini həyata keçirən erməni canilərinin aşkarlanmasında, onların ifşa edilməsində, məsuliyyətə cəlb olunmasında Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyevin qətiyyətli və barışmaz mövqeyi erməni şovinistlərini ciddi narahat etməyə başladı. Daşnak azğınlar Heydər Əliyevin simasında böyük maneə ilə qarşılaşdıqlarını hiss etdilər.Sonrakı tarixi dövrlərdə də Heydər Əliyevin incəliklə düşünülüb, atlan addımları erməniləri ciddi narahat edirdi. Heydər Əliyevin bütün sahələrdə: siyasi, iqtisadi, mədəni, sosial sahələrdə gördüyü tədbirlərin kökündə bir azərbaycançılıq ideyası, milli mənsubiyyətə bağlılıq dayanırdı. Ermənilərin də yaşadıqları Azərbaycan bölgələrində Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti ilə bağlı gördüyü işlər, Qarabağın infrastruktur inkişafı sahəsində gördüyü işlərlə bu diyarın Azərbaycana bağlığı, dövlətimizin diqqətində olan bir bölgə kimi

mərkəzə göstərməsi, həmçinin Qarabağın Azərbaycana məxsusluğu haqqında Azərbaycan SSR Elmlər Akademiyasına hazırlatdırdığı elmi arayış və yüzlərlə bu cür tədbirlər erməniləri qorxuya salırdı. Tarixi hadisələr Heydər Əliyevi Azərbaycandan kənar saldığı dövrlərdə, dövlətimizə, xalqımıza böyük zərbələr dəydi. Xüsusilə də Birinci Qarabağ müharibəsində itirilmiş torpaqlarımız xalqımızın böyük problemi idi. Xalq öz xilaskarını gözəl tanıyırdı. Tarixi sınaqlardan keçmiş Ulu Öndər çıxara bilərdi Azərbaycanı bu çətinliklərdən. Azərbaycana və dövlət rəhbərliyinə qayıdışı ilə xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi Ulu Öndər. Heydər Əliyev müharibə məsələsində də düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı, genefondumuzu xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi demək idi!Bu siyasət elə bu gün üçün düşünülmüşdü, planlaşdırılmışdı. Təməli atılan düzgün siyasət bu gün layiqli şəkildə davam etdirilərək qələbəyə, Böyük Qayıdışa doğru apardı bizi.Əlbəttə ki, belə bir mükəmməl şəxsiyyət dünya erməniliyinin əsas hədəfində olmuşdur. Ən yeni tariximizə nəzər yetirdikdə görürük ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də belə bir hədəfdədəir. Amma layiqli kursun, layiqli davamçısı ermənilərin bütün sahələrdə, istənilən şəkildə, ən yüksək səviyyədə cavabını verir. Hədəf kim olur olsun, cavab mükəmməl olur!


Araz Əhmədov

Neftçala rayon ziyalısı