“Xarıbülbül” azaddır!

2021-05-20 Baxış: 586
img
     Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bəli Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir və dirçəldir. Doğma yurdun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül”  musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. 1989-cu ildə  məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlanmış "Xarıbülbül" beynəlxalq musiqi festivalı bu gün yenidən canlanır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmiş festival ənənələrini bərpa edir.  Uzun həsrətdən sonra Şuşa əsir olunmuş Xarıbülbülünə qovuşmuşdur. Artıq bu torpaqlarda tarın səsi ucalır, Qarabağın şikəstəsi oxunur. 30 illik həsrətdən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatrəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Ana vətənimizin hər qarış torpağı əzizdir deyirdik, indi isə daha əzizdir, çünki torpaqlarımız el oğullarının canı-qanı bahasına azad olunub. Bu torpaqlara igidlərimizin qanı qarışıb. Artıq onların əmanətidir bizə bu müqəddəs torpaqlarımız. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin  bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. ”Xarıbülbül” musiqi festivalı 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin müsiqi ilə, sülh ilə davamıdır. Biz Şuşamızı azad edərək erməni vandallarını daha çox məyus etdik. Azərbaycanın Xarıbülbülü qəhrəmanlığın, azadlığın ,məğrurluğun, igidliyin simvoluna çevrildi. Artıq Azərbaycan mədəniyyəti, mədəniyyətimizin görkəmli nümayəndələri Şuşaya qayıdıblar. Bu tarixi qayıdış reallıqdır, bu reallıqla hər kəs barışmalıdır. Artıq Şuşa azaddır! Bu qayıdışın digər rəmzi başlanğıcı Şuşada olan müqəddəs ocaq, Gövhərağa məscidində bayram namazının qılınmasıdır. Artıq bu torpaqlarda azan səsləri ucalır. Bu da bir daha sübut edir ki, Azərbaycanın kökü milli-mənəvi dəyərlərə söykənir. Bax, Azərbaycanın tarixi qayıdışı budur!  

            Əlifağa Məmmədov
            Neftçala rayon gənci