Qalib Ölkə!
Vətən Müharibəsindəki Azərbaycanın qələbəsində Dövlət başçımız cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-hakimiyyət birliyi ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı Şübhəsiz ki, Dövlət başçımız cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirə salınmaz tədbirlər reallaşdırırdı. İştirak etdiyi ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin, ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Yeri gəlmişkən, müharibənin davam etdiyi günlərdə İlham Əliyev xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də Respublikamızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı.Hərbi əməliyyatların gedişində Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi. Bu müharibədə qələbəmizin əsasında möhtərəm Dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrətinə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Prezident–Ordu birliyidə bir o qədər önəm daşıyırdı. Bəli Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Ağdam, Laçın və Kəlbəcərin siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın ağır məğlubiyyətinin ifadəsidir. Ekspertlərin fikrincə, üç dövlət başçısının imzaladığı birgə bəyanat Respub-likamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın həmrəyliyi, rəşadətli ordumuzun qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
Nicat Cəfərov
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər