Əbədidir bu qardaşlıq: Azərbaycan-Türkiyə!
Hər bir xalq öz tarixi kökü, qaynaqları ilə seçilir, tanınır, gələcəyə doğru yollarında işıqlı amallara istiqamətini müəyyənləşdirərkən ulularının, tarixinin hikmətindən dərs alır, öyüd, nəsihət kəlamlarından güc, örnək alır. Biz də eləcə, Azərbaycan xalqı tarıxı kökü, qaynaqları ilə türksoyludur. Bunu tək biz demirik. Bunu dil açanda söylədiyimiz laylalar, bayatılar, tarixin azadlıq carçıları Qəhrəmanlar, əvəzsiz tarixi şəxsiyyətlər söyləyib, söyləyir və zamanla yenə də dönəcək bu günlərə yenidən söyləyəcək, yazacaqlar. Biz türksoyluyuq!. Məhz bu soy birliyimizin gücü zamanla mənfur düşmənləri narahat etmiş, tarixdə müxtəlif iftiralarla bu xalqları bir-birindən ayrı salmağa təşəbbüs etmişlər. Müəyyən zaman fasiləsində buna nail ola bilsələr də, bu xalqların oxşar dil qrupu, bir-birini anlaması, mədəniyyət, eyni zərb-məsəllərdən istifadə etməsi, eyni ortaq adətlərdən qaynaqlanması, daha sonrakı tarxi dönəmlərdə din birliyinin olması, onların bir kökdən olduğunu sübut etmişdir. Bəs bir kökdən olan bu xalqların dostluğu necə qoruna bilmişdir? Əlbəttə ki, hər bir zamanın qabaqcıl dünyagörüşlü insanlarının düşüncəsi əsasında qoruna bilmiş, nicat yolunda irəliləmişdir. Tarix unudulmur, ümumiyyətlə tarix unudanları bağışlamır. Məhz bu səbəbdən biz ulularımızın hikmətini hər zaman xatırlamalı, kimliyimizin qorunub saxlanmasında xidmətləri olan tarixi şəxsiyyətlərin əməyini itirməməliyik. Azərbaycan-Türkiyə əlaqələrinin hər zamankından daha möhkəm bağlantısı üçün səy göstərməliyik. Çünki eyni coğrafi ərazini paylaşan bu xalqlar zamanla çox təcavüzlərə, faciələrə düçar olmuşlar. Lakin türklərin birlik gücü daim düşmənləri narahat etmişdir. Biz də bu gün məhz bu birliyimizi qorumaq üçün səy göstərməliyik, ulularımızın müdrik kəlamlarını unutmamalıyıq.“Biz tarixin türk dediyi millətiz, Hür yaşar, hür ölür, nurlu ümmətiz !-söyləmişdir “Alçıtəpə Qəhrəmanı” ləqəbi ilə tanınan Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən olan Musa Kazım Qarabəkir. Bu gün dünyada analoqu olmayan qardaşlıq nümunəsi nümayiş etdirən Azərbaycan və Türkiyə əsl birlik simvoluna çevriliblər. Bu əlaqələrin müasir tariximizdə təməli heç şübhəsiz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əminliklə deyə bilərik ki, hər iki dövlətin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində dahi şəxsiyyətin xidməti böyük olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Türkiyədə Mustafa Kamal Atatürkün məzarı önündə öz duyğularını belə ifadə etmişdir: “Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Ataürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm. Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır” -deyərək bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır. Ulu öndər qeyd etmişdir ki, “Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir”. Bu münasibətlərin aydın-açıq dostluq və qardaşlıq zəminində inkişafını dəstəkləyən xalqımızın uzaqgörən lideri Heydər Əliyev “Biz bir millət-iki dövlətik” deyərək dövlətlərimizin əbədi birlik zəminində inkişafının vacibliyini qeyd etmişdir. Biz bu gün bu müdrik kəlamın nə qədər doğru olduğunu bir daha əyani şəkildə gördük. Vətən müharibəsində daim Azərbaycan xalqının, dövlətinin yanında olan, hər zəruri ehtiyacı üçün dəstək olacağını bildirən və bunu əyanı şəkildə göstərən qardaş Türkiyə ötən əsrin əvvəllərində də eyni can yanğısı ilə xalqımıza dayaq olmuş, Nuru Paşa, Ənvər Paşa və digər mərd övladlarının köməyi ilə Azərbaycanda erməni daşnakları tərəfindən törədilmiş faciələrin qarşısının alınmasında köməyini əsirgəməmişdilər. Azərbaycan da öz növbəsində tarixin müəyyən dövrlərində Türkiyə dövlətinə dəstəyini əsirgəməmişdir.Bu dostluq və qardaşlıq hər iki dövlətin böyük
şəxsiyyətlərinin xatirələrində xoş təəssuratlarla əks olunmuş, tarixə köçmuşdür. Biz inanırıq ki, “Bir millət, iki dövlət”kimi tarixi uğurlara gələcəkdə də birlikdə imza atacağıq. Bu yolda damarında türk qanı axan hər bir soydaşımız var qüvvəsini əsirgəməyəcəkdir.
Bədirə Niftalıyeva
Neftçala rayon sakini, yazar
Digər xəbərlər