Şuşa Bəyənnaməsinin imzalanması qardaşlığımızın təntənəsidir
2021-06-18
Baxış: 550
Milli Qurtuluş Günü ilə təntənələnən 15 iyun tarixi artıq həm də qardaşlığın ən ali səviyyədə təcəssümünü özündə ifadə edir. Tarix 28 il əvvəl həmin gün xalqa işıqlı gələcəyə olan inamı bəxş etmişdisə, indi dünyanın regional güclərindən biri hesab olunan qardaş Türkiyə ilə yanaşı addımlayacaq daha qüdrətli Azərbaycan yəqinliyini nəsib etdi. Tarix yazanların qəhrəmanlıqları ilə işğaldan azad olunan məhz müqəddəs Şuşa şəhərində Bəyənnamənin imzalanması isə özlüyündə yeni tarixin başlanğıcı demək idi. Azərbaycan liderinin ilk dəfə olaraq xarici dövlətin başçısını Qarabağda qarşılaması təkcə rəmzi məna daşımırdı, bütün dünyaya dövlətimizin gücünü, işğaldan azad olunan torplaqlarda görülən yenidənqurma işlərinin mənsubiyyətə əsaslandığını isbat edirdi. Şuşa bəyannaməsinin imzalanması üçün tədbirin keçiriləcəyi yerin fonunda erməni vəhşiliyinin nümunəsi olan dağıdılmış tikilinin nümayiş etdirilməsi isə bütün dünyaya erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabalığa çevirdiyini bir daha obrazlı şəkildə göstərirdi. Şuşa Bəyannaməsinin eyni zamnda Zəngəzur üçün çox vacib sayılan “Qars müqaviləsi”nin 100-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşımaqla yanaşı, həm də qarşıya qoyulmuş hədəfləri açıq-aşkar ifadə edir. Biz tarixin təkrarlanmasına və oxşar hadisələrin yenidən baş verməsinə kifayət qədər bələdik. Əminliklə demək olar ki, indi də bölgə uğrunda qlobal və regional güclərin açıq və gizli mübarizəsi davam etməkdədir. Lakin, bu dəfə tarix hadisələrin Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan etməsilə fərqlənir. XX əsrin əvvəllərində hadisələr Ermənistan və onun havadarlarının maraqlarının təmini ilə nəticələnirdisə, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq dövlətimizin və xalqımızın yüz illik ədalətsizliklə mübarizədə əldə etdiyi möhtəşəm qələbə kimi dəyərləndirilir. Heç əbəs yerə deyil ki, Şuşada sözügedən Bəyannamənin imzalanma mərasimindəki nitqində Prezident İlham Əliyev “Qars müqaviləsi”ni xatırlayır və xatırladır: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.” Azərbaycan və Türkiyənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə və əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyənnaməsi Azərbaycanın əsas subyektlərindən biri olması ilə Cənubi Qafqaz dövlətləri üçün yad olan yeni konfiqurasiyanının əsasını qoyur. Bəyannamədə ən önəmli məsələlərdən biri məhz müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır. Prezident İlham Əliyev sözügedən məsələyə toxunayaraq, “Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,” deyib. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsilərindən biri də Zəngəzur korridorunun açılmasıdır. “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq” deyən Prezident İlham Əliyev Ermənistanı da adekvat və konstruktiv olmağa, revanşist düşüncələrdən uzaq durmağa səsləyib.
Şuşa Bəyənnaməsi özündə siyasi, iqtisadi, mədəni, gənclər, idman və digər sahələri birləşdirməklə iki dövlət arasından əksər sferaların inteqrasiyası nümunəsidir. Bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj, ən əsası isə region üçün yeni tarixi gerçəklik deməkdir.
Fərhad Baxışov
Neftçala rayon gənci
Digər xəbərlər
2021-11-04
2023-04-18