Cəsur kapitan Samid Əsgərovun qəhrəmanlıq hekayəsi

2021-07-23 Baxış: 977
img

Neftçala, İsmayıl Cəfərli

Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni torpaqlarımızdan qovmaq idi. Elə bu müqəddəs amalla yaşayan, Vətən sevdalısı igid oğullarımızdan biri də kapitan Samid Əsgərovdur. Cəsur zabitimiz Vətən müharibəsi başlayanda məzuniyyətdə olsa da, silaha sarılıb döyüş meydanına atılır.

Ailəsi şəhid kapitan Samid Əsgərovun xatirəsini əbədiləşdirməkdən ötrü qəhrəman zabitimizin adına bulaq inşa etdirib. Bu bulaq indi Neftçalada yaşayan hər kəsin müqəddəs ziyarətgahına çevrilib. Əbəs yerə deyilməyib... Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı başdan-başa müqəddəsləşdirən Samid kimi şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Əsgərovlar ailəsinin yaşadığı evə daxil olanda qapıda bizi şəhid kapitan Samid Əsgərovun atası Gülmalı dayı qarşılayır. Həyətin giriş hissəsindən evin qarşısına kimi Samidin şəkillərindən ibarət lövhələr hazırlatdıran ata oğlunun Vətən torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqla qürur duyur. Kövrəlsə də bizə Samidlə bağlı xatirələrini danışır. Samid Əsgərov 1989-cu il oktyabrın 2-də Neftçala rayonunun Boyat kəndində dünyaya göz açıb. Bir çox yaşıdlarından fərqli olaraq Samid orta məktəb illərindən ömrünü bağlayacağı bir sənət seçir. Özü də ən gərəkli, ən məsuliyyətli və ən müqəddəs bir sənəti, hərb sənətini. Elə hərb sənətinə vurğunluğu Samidi 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirir. İlk dərs günündə müdavim formasında özünü dünyanın xoşbəxti sayır. O, burada oxuduğu illərdə ilkin hərbi vərdişlərə yiyələnir, iradəli, bacarıqlı, dözümlü olmaq kimi hərbçiyə məxsus xarakterik xüsusiyyətləri özündə tərbiyə edir. 2008-ci ildə Hərbi Liseyi yaxşı nəticələrlə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da peşəkar, təcrübəli müəllimlərindən hərb elminin sirlərini dərindən öyrənir. O, daima öz üzərində çalışır və gələcəkdə peşəkar zabit olmaqdan ötrü ixtisas fənlərini daha dərindən mənimsəyir. Samid Əsgərov 2012-ci ildə ali hərbi məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə başa vurub ordumuzun zabitləri sırasında leytenant ulduzunu çiyninə taxır. Samidin xidməti düşmənlə üzbəüz mövqedən, Ağdamda yerləşən "N" saylı hərbi hissədən başlayır. Nümunəvi zabit kimi özünü təsdiqləyən Samid hərbi təlimlərdə xüsusi bacarığı ilə seçilir. Əvvəllər kəşfiyyat tağım komandiri, sonralar isə bölük komandiri kimi Vətənə şərəflə xidmət edir. O, 2019-cu ildə kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə fəxri fərmanla təltif olunur. Düşmənlə üzbəüz mövqedə xidmət edən gənc zabit bununla iftixar hissi keçirir. Şəhid atası Gülmalı Əsgərov deyir ki, qorxubilməz və ölümün gözünə dik baxan Samid və onun döyüşçü yoldaşları Vətən, torpaq andına sadiq qalaraq Füzuli istiqamətində düşmən səddini yarıb, onları torpaqlarımızdan qovurlar: “Samid Vətənə bağlı insan idi. Füzuli rayonunda ilk erməni postuna girən zabit olub. Onların bunkerlərinə ilk daxil olan hərbçilərimizdən biridir. Bu döyüşlərdə qəhrəmancasına şəhid olub. Samid kimi igidlər öz adlarını qızıl qələmlə tarixə yazanlardır. Vətən üçün yaranmışdı Samid kimilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Samid komandir kimi hər an, hər dəqiqə döyüş əmri gözləyir, qələbə arzuları ilə yaşayırdı. Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən bir zabit kimi Samidin ən böyük arzusu məhz işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Elə bunun üçün də Vətən müharibəsi başlayanda o məzuniyyətdə olsa da, özünün istəyi ilə haqq savaşımızda iştirak etmək üçün döyüş meydanına atılır. O, sonuncu dəfə evdən çıxanda hər kəsi təəccübləndirir. Şəhid kapitanın anası Sevinc Əsgərova deyir ki, Samidin ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Bunun üçün də müharibə başlayanda cəsur zabit döyüş meydanına sevinə-sevinə, gülərək getdi: “Döyüşə gedəndə onu övladından gizli yola saldım. Elə hey gülürdü. Əvvəl bizimlə görüşməyib mindi maşına. Heç nə başa düşmədim. Sən demə, müharibə başlamışdı. Gedincə bizə heç nə də demədi. Müharibə haqqında danışmadı. Maşından düşüb evə qayıtdı, təzədən görüşdü və gülə-gülə getdi. Həmişə soruşduq, elə dedi ki, arxa cəbhədə təlim keçirəm. Sona kimi də belə dedi. Ana narahat olma, nigaran qalma”.

Samid 2015-ci ildə Nübar xanımla evlənir. Onların Kənan adında bir oğlu dünyaya gəlir. İndi ailəsi Samidin qoxusunu balaca Kənandan alır. Şəhid anası Sevinc Əsgərova deyir ki, Samid çox pozitiv və gülərüz insan idi. Həmişə nikbin düşüncələrlə yaşayırdı: “Samid haqqında bir ana olaraq mənim üçün danışmaq çox çətindir. Həyat dolu oğul idi. Sevgi dolu insan idi. Döyüşə gedəndən sonra Samidgilə getdim. Yoldaşı gətirib onun paltarlarını göstərdi mənə və dedi Samid akademiyaya hazırlaşır. Doğrusu, çox sevindim. Samiddən nə qədər danışsam bitməz. Samid mənim həyatımın ən maraqlı səhifəsi idi. Mənim sevincim Samidlə getdi”.

Sentyabrın 30-u Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən şiddətli döyüşlərdə kapitan Samid Əsgərov qəhrəmancasına şəhid olur. Cəsur zabitimizin göstərdiyi igidlik Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilir. O, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən kapitan Samid Əsgərov kimi igid oğullar hər zaman bizim qəlbimizdə yaşayacaq.