Azərbaycanın vaksinasiya strategiyasının mərkəzində xalqımızın sağlamlığı dayanır
Bildiyimiz kimi bugün dünyada COVID-19 pandemiyasına qarşı mübarizə ən aktual
məsələ hesab edilir. Odur ki, planetimizin bəlasına çevrilmiş bu xəstəliyə qarşı
ən əhəmiyyətli vasitə və yeganə xilas yolu məhz, dünya əhalisinin vaksinasiyasıdır.
Dünyada hər il minlərlə insan müxtəlif xəstəliklərə qarşı peyvənd olunmadığı üçün
həyatlarını itirirlər. Belə olan halda həmin şəxslər uşaqlarına, valideynlərinə
və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmirlər.
Elm sübüt edir ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının
qarşısını alan təhlükəsiz vasitədir. Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası
məhz, vaksinlə mümkün olmuşdur. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin
və ölüm hallarının azalmasına köməklik göstərmişdir. 1960-cı illərdə qızılca xəstəliyinə
qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam
həyatını itirirdi. ÜST-ın məlumatına görə 2000-2017-ci
illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalmışdır.Müasir peyvəndlər
milyonlarla insanın həyatını xilas etmişdir. Peyvəndlər icad olunana qədər dünya
bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan
poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya
da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olmuşdur.Vaksinasiya cəmiyyətimiz
və ölkəmiz üçün olduqca önəmlidir. Belə olduqda insanlar normal həyat tərzlərinə
dönər, məhdudiyyətlər aradan qalxar, həyatın bütün sahələrində canlanma müşahidə
olunar.Təsadüfi deyil ki, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin
təhsili məhdudlaşdırılmışdır. Beləki, dünyada 1 milyarda yaxın şagird təhsilini
davam etdirə bilməmişdir.Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı
alına bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və
s. sahələrdə böyük iqtisadi itkilər yaşanmış və dünyada milyonlarla insan iş yerini
itirmişdir. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur.
Vaksinasiya ilə mədəni həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik
artacaqdır. Peyvənd milyonlarla insanın ölümünün qarşısını alacaqdır.
Vaksinlənmə prosesinin yekunlaşmasından sonra səhiyyəyə düşən yükdə azalacaqdır.
Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər.
Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaqdır. Azərbaycan dövləti xalqımzın
sağlamlığının qorunmasını özünün ən əsas vəzifələrindən biri hesab edir. Belə ki,
pandemiya təhlükəsi başlayanda dövlətimiz vacib addımlar atdı. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə
2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş,
2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada
biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirə salınmaz tədbirlərin
operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət
orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmış
və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərmişdir. Cənab Prezident İlham Əliyevin pandemiya
ilə mübarizədə həyata keçirdiyi dəqiq yol xəritəsi bu xəstəliklə mübarizədə əldə
edilmiş uğurları şərtləndirir. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada
vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb
olmuşdur.Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün
Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Bu gün ölkəmizdə artıq əhalinin 4
növ vaksin seçimi var. Onların hər biri effektiv, eyni zamanda tamamilə təhlükəsizdir.
Azərbaycan xalqı pandemiya ilə mübarizədə də,Vətən müharibəsində olduğu kimi “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib olacaqdır. Əziz həmvətənlər sağlam və firavan gələcək öz əlimizdədir!
Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər