Regionda yaranmış yeni reallıqların memarı-İLHAM ƏLİYEV!
İkinci Qarabağ-Vətən müharibəsinin nə vaxtsa baş verəcəyi qaçılmaz idi. Ona görə ki, beynəlxalq hüquq kobudcasına pozulur, ədalət prinsipi arxa plana atılır, danışıqlar prosesi heç bir nəticə vermirdi. Ermənistan imitasiya ilə məşğul idi, danışıqlar prosesində iştirak edən təşkilat və dövlətlər isə beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, problemin həllinə laqeyd yanaşırdılar. Bu da nəticə etibarilə işğal siyasətinin dəstəklənməsi anlamına gətirib çıxarırdı. 44 günlük müharibəyə qədər ayrı-ayrı siyasi mərkəzlərin mövqeyi, problemə yanaşmaları Azərbaycanın işğal faktı ilə barışdırılmasına yönəldilmişdi. Çünki Azərbaycan ərazilərinin zəbt edilməsinə, yüz minlərlə azərbaycanlının 30 ilə yaxın müddətdə məcburi köçkün vəziyyətində yaşamasına olan laqeydlik, Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu təsbit edən beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınmaması, Ermənistana hərtərəfli siyasi dəstəyin göstərilməsi, insanı başqa cür düşünməyə yol qoymurdu. Azərbaycanın işğal olunmuş kənd və şəhərlərinin adlarının dəyişdirilməsi, onlara eybəcər erməni adlarının qoyulması da göstərirdi ki, Ermənistan həmin əraziləri heç vaxt azad etmək niyyətində olmayıb. Həmin ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına, Ermənistanın ayrı-ayrı təxribatlarına beynəlxalq təşkilatların və dövlətlərin göz yumması işğala dəstək göstərilməsindən başqa bir şey deyildi. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Prezident İlham Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdəki çıxışlarında ilk növbədə diqqəti torpaqlarımızın işğal altında olmasına yönəldirdi. Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir. Azərbaycan xalqı əmin idi ki, günlərin birində ordumuz işğalçını döyüş meydanında darmadağın edəcək. Əlbəttə, bunun üçün əlverişli tarixi şərait yetişməliydi. Bunun üçün zaman düzgün seçilməliydi. Ali Baş Komandan İlham Əliyev öz dərin siyasi dünyagörüşü ilə həmin tarixi şəraiti yetişdirdi. Azərbaycanın yüksəlişi, ordumuzun qüdrətlənməsi ilə torpaqlarımızın azad olunmasının zamanı da gəldi və 44 günlük müharibədə Prezidentimiz İlham Əliyev özünün daha bir vədini inamla, qətiyyətlə və uğurla yerinə yetirdi.Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. İlk növbədə bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vuruldu. Danışıqlarda imitasiya edən, zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə Azərbaycan torpaqlarından qovuldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Beləliklə, cənab Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallığın müəllifi oldu. Artıq işğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdışın izlərin əks etdirmək, əzəli torpaqlarımızın əvvəlki simasını, gözəlliyini və məşhurluğunu geri qaytarmaq məqsədi ilə abadlıq, tikinti-quruculuq işlərinəbaşlanılmışdır. Azərbaycanımızın incisi Şuşa şəhəri artıq doğma nəfəsləri duymaqdadır. Dövlət başçımızın xüsusi qayğısı ilə abadlaşma işləri aparılan Şuşamız yeni inkişaf mərhələsindədir. Cənab Prezident fikirlərinin birində bildirmişdir ki, "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhəri ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik" Yolumuzu gözlə əziz Şuşa!
Rafət Tağıyev
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər