Bu təcavüzə son deyirik

2021-09-26 Baxış: 605
img
Zaman keçir, tarixləşir, hər ötən gün, öz miqyası ilə hopur yaddaşlara. İstər kiçik olsun, istərsə də böyük hadisələr, zaman axarında izlənərkən ədalət dərəcəsi ölçülür ilk öncə. Nədən, niyə, səbəb deyə dönürsən mənbələrə... Və bu zaman haqqın parlaq simasını görür insan, əgər axtardığı haqqı nahaqdan ayırmaqsa... Hərdən düşünürəm, niyə bizim xalqımızı bu qədər sevməyən var, niyə incidilib bütün tarix dönəmlərində mənim xalqım? Ərazisi qoparılıb, övladları şəhid olub, ocaqları söndürülüb. Niyə, nədən? Elə xalqlar var ki, bu ağrını çox az bir dönəm üçün yaşayıblar. Amma, Azərbaycan xalqı əsrlərlə... Biz dünənimizdən sabahımıza şəhidlərin al qanı ilə keçə bilmişik, var olmaq üçün necə oğulları itirmişik. Xeyr, itirməmişik, varlığımızın çöhrəsini göstərmişik yağılara, bizi bizdən qoparmaq istəyən mənfurlara...nadanlara...satqınlara! Düşündükcə insan beynində həqiqət bütün aydınlığı ilə durularaq səslənir. Bəli, biz Ulu Tanrının lütfü ilə qüdrətli bir xalqıq, bu qüdrət simasında ilk beşiyimizdən bu günümüzə qədər mübarizlik yolunun davamçıları olmuşuq. Əyilməz, mərd, cəsur, qonaqpərvərliyi ilə, təmiz ürəyi, bərəkətli süfrəsi ilə səyyahların xəritəsindən baxan Odlar diyarının sakinləriyik biz. Yurdumuzun sərvət sahibi olması, onun əlverişli coğrafi mühiti bu diyarın fəlakətinə çevrilib sanki. Bitmir üzərimizə gələn, əsrlərlə “tülküləşərək” müxtəlif donlara girən “qara donlu kafirlər”. Maraqlı olan, araşdırılması vacib olan tərəflərdən biri də odur ki, niyə bizim düşmənlərimizin tərəfdaşları çox olur daim. Bizim sərhədlərimizdən çox uzaqda olan dövlətlər bizə necə olmağımızı təlqin etmək istəyir, həm də saxta dəlil, saxta “göz”lə. Və araşdırdıqca məlum olur ki, bu mənfur qonşunu yalan, fitnə mövqeyində dayanmağa kimlər vasitəçi olur. Sərvətimizin oğurlanması, talan edilməsi onları niyə narahat etmir, yəqin ki, bu talandan onlar da fayda umurlar... Kimlər bu bitməyən münaqişədə maraqlarından əl çəkmək istəmirlər, zaman keçdikcə daha aydın görünür. Amma, çox nahaq. O fitnəkarlar ki, daim xalqımızdan oğurlayıb milli-mənəvi sərvətimizə dolayı yolla qənim kəsilir, onlar öz qara məkrlərində boğulacaq, mənfur siyasətlərinin qurbanı oacaqlar. Artıq zaman keçib, bu gün Azərbaycan dövləti öz suverenliyinin qorunması yolunda inkişaf etmiş, müstəqil bir dövlətdir. Onun dövlət siyasətində fonemen liderimiz Ulu Öndər Heydər Əliyev ideyaları vardır. Və bu gün otuz illik işğala son deyərək 44 gün ərzində torpaqlarımızın azad edilməsinə rəhbərlik edən Ali Baş Komandanı cənab İlham Əliyevin qüdrətli və qətiyyətli siyasəti vardır. Bu xalqı öz canından əziz bilən qorxmaz övladları vardır. Onun varlığı yolunda can fəda edən, bir yumruqtək birləşəməyi bacaran Qalib Xalqı vardır. 
         Tarix boyu ərazilərimiz qoparılıb, zorla ilhaq edilib. Bu ilhaqda rus çarlarının “parçala hökm sür” siyasəti, cənub qonşularımızın saxtakarlığı, uzaq Avropanın bəzi böyük dövlətlərinin pərdələnmiş iyrənc xəyanəti aydın görünür. XVI əsrdə mövcud olmuş Azərbaycan dövlətinin sərhədlərini XX əsrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan sərhədlərlə müqayisə edə bilmirik. Ürək ağrıdır bu parçalanmalar. Bəs XX əsrdən sonrakı dövr? Yenə də həmin mənzərələr...Hər zaman böyük dövlətlər öz şəxsi maraqları üçün Azərbaycan torpaqlarına qarşı xəyanət mövqeyində dayanıblar. Nəhayət ki, bu çirkin münasibətin üzərini pərdələmək niyyəti ilə “erməni yalanı” kimi saxta bir xülya yaradaraq, ona maliyyə dəstəyi göstərməklə sərhədlərimizdə daim təhlükə mənbəyi yaratmış, amanız faciələr törətməklə çirkin əməllərini tarixdə sərgiləmişlər. Ağlagəlməz faciələr, vəhşiliklər, soyqırımlar törədərək, torpaqlarımızın 20 faizini işğal etməklə kifayətlənməyib, daha böyük iddialarla çıxış etməyə başlamışdılar. Buna son deməyin vaxtı çatdı, xalqımız Ali Baş Komandan başda olmaqla öz haqq işini şərəflə başa çatdırdı, mənfur düşmən üzərində zəfər çalaraq onun vandal əməllərini bütün dünyaya bəyan etdi bir daha. Bu gün bizə aydın olan odur ki, biz dövlətimizin, əcdadlarımızdan bizlərə miras qalan vətənimizin yaşaması üçün, bütün nahaq fitnə-fəsadlara qalib gəlməsi üçün daha da güclü olmalıyıq. Bunu bizdən oxuduğumuz tarix, izlədiyimiz mübarizlik yolu, mərd oğullar, Şəhid balalar tələb edir. Hər kəsin öz mövqeyində, işində məsuliyyəti, dövlətimizin möhkəmliyinə xidmət etməlidir. 

Bədirə Niftalıyeva
Neftçala rayon sakini, ziyalı, yazar