İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Azərbaycanın hazırkı mövqeyinin möhkəmlənməsi baxımından uğurlu idi
2021-11-30
Baxış: 411
28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi region ölkələrinə məxsus resurslardan tam istifadəni təmin etməklə təşkilatın dünya iqtisadiyyatında payını artırmaqdır. Təşkilatın əsas məqsədlərindən biri üzv ölkələrlə digər ölkələr arasında ticarət maneələrini aradan qaldırmaqdır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən etmək, yeni əməkdaşlıq layihələrini reallaşdırmaq üçün mühüm əhəmiyyət daşıyırdı. Bu gün Azərbaycan konstruktiv əməkdaşlıq platforması olan İƏT-in fəal üzvüdür. Bütün sferalarda olduğu kimi İƏT üzvü olan ölkələrlə Azərbaycanın münasibətləri əsl dostluq, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq münasibətlərinə əsaslanır. Azərbaycan bu təşkilata üzv ölkələrlə BMT səviyyəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu, səmərəli əməkdaşlıq edir, dostluq, normal qonşuluq siyasəti sərgiləyir. Cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, eləcə də ayrı-ayrı ölkələrin rəhbərləri ilə görüşlərində bir çox mühüm məqamlara, ölkəmizin maraqlarına cavab verən məsələlərə toxundu. Dövlət başçımız Azərbaycanın gələcək məqsədləri ilə bağlı aydın mesajlar, tezislər səsləndirdi. Prezident İlham Əliyev çıxışı zamanı xüsusi bildirdi ki, Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəkdir. “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”. Müzəffər Ali Baş Komandan bütün beynəlxalq platformalarda olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Azərbaycanın əldə etdiyi tarixi qələbəyə, regionda yaratdığı yeni reallıqlara diqqət çəkdi. Dövlət başçımız işğal dövründə ermənilərin bütün şəhər və kəndlərimizi, mədəni və dini irsimizi, tarixi abidələrimizi dağıtdığını növbəti dəfə dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Heç şübhəsiz Azərbaycanın uğurlarına sevinməyən düşmən və düşmən dəyirmanına su tökən dairələrə çarpıcı effekt göstərən bu məqamlar cənab İlham Əliyevin simasında Azərbaycanın növbəti diplomatik uğuru idi. Ölkə başçısı çıxışında ərazilərin azad olunmasından dərhal sonra həmin yerlərdə aparılan genişmiqyaslı yenidənqurma işlərinə diqqət çəkdi. Dövlət başçımız İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin reallaşdırılması və gələcəkdə verəcəyi böyük faydalar barəsində əhəmiyyətli mesajlar verdi. Ali qurumdakı əhatəli çıxışında Prezident İlham Əliyev son 18 il ərzində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar barətə mükəmməl məlumat verdi. Bu gün dünyanı maraqlandıran, iqtisadi, ictimai həyatı böyük ölçüdə iflic edən pandemiya və ona qarşı Azərbaycan təcrübəsi barədə Zirvə görüşü iştirakçıları məlumatlandırldı.
Qısa xülasə etsək İqtisadi Əməkdaşlıq Təşkilatının XV zirvə Toplantısı bir çox əlamətdar hadisələrlə yadda qaldı. Quruma üzv ölkələr sammitin yekun Bəyannaməsində Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanladılar. Bəyannamədə eyni zamanda İƏT-ə üzv dövlətlər Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırıldılar. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilir.
Rafət Tağıyev
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər
2021-11-04
2023-04-18