Mənəviyyatı güclü olan Ordu - Qalibdir!

2021-12-10 Baxış: 701
img
 Tarixin hansı dönəminə nəzər salsaq xalqımızın azadlıq uğrunda mübarizliyinin şahidi oluruq. Bu bizim dünənimiz, tariximiz, bizim kökümüzdür. Böyük şairimiz Rəsul Rza “Xan çinar” şerində yazırdı: “Belə məğrur dayanmağa haqlıyam. Mən kökümlə bu torpağa bağlıyam”. Bəli, xalqa bağlı olmaq elə bir gücdür ki, onu hec bir qüvvə silə bilməz. Kökə bağlı olan xalq isə hər zaman daha üstün, daha güclüdür. Bu gücü, bu bağlılığı yaradan Azərbaycan qadınının beşik üstə çaldığı layla, zamanla vətən, yurd sevgisini öz körpəsinə aşılamasıdır ki, hər bir Azərbaycan övladı bu qədər yurdsevər, cəsur və qorxmazdır. Mənəviyyatın formalaşmasına təsir edən amillər çoxdur. Bunlardan ən əsası isə ailə tərbiyəsi, təhsil, cəmiyyətin təsiridir. Xalqımızın ruhən vətənsevər olması, ocağına bağlı olması bu üstünlüyü daim ən yüksək səviyyədə qorumağa və yaşatmağa əsas vemişdir. Aşıq Ələsgər “Ustadına kəm baxanın gözünə qan damar...” deyərdi. Keçmişini unudanın gələcəyi olmaz deyərlər, el yaddaşında. Eləcə də, bizə miras qalan vətən tarixində qəhrəmanlığın yaşadılması, daim təbliğ edilməsi, bu gün torpağımızda vətənsevərliyin daha yüksək səviyyədə olmasına səbəb olmuşdur ki, bu da ən son Zəfər tariximizdə, 44 günlük Vətən müharibəsində bütün dünyanın gözləri qarşısında sərgiləndi... Azərbaycan ordusunun əzəməti, mənəvi gücü düşmən tərəfini necə qorxuya salmışdırsa, onlar köstəbək kimi yalnız yer qatına girməyi düşünürdülər. Fəxr edirəm güclü, cəsur Vətən oğulları ilə. 44 günlük Vətən müharibəsində biz Zəfər qazandıq, xalqımızın ordumuzla sıx birliyi, hər iki qüvvənin Ali Baş Komandanın ətrafında sıx birliyi nəticəsində. Bu birlik bizə hava, su qədər vacibdir hər daim. Biz dövlətimizi qorumalıyıq, qorumalıyıq ki, uğrunda candan keçən Şəhid ruhlar daim şad olsun. Vətən əmanətdir, əmanət isə göz bəbəyi kimi qorunar daim! Azərbaycan əsgəri mənəvi cəhətdən daim güclü silahlanmışdır. Çünki bizim savaşımız haqq işidir. Biz tarixi torpaqlarımız uğrunda vuruşuruq. Mənfur düşmən isə nəyin uğrunda vuruşduğunu belə dərk etmir. Düşüncəsində yalnız talançılıq, qətliam olan mənfur düşmən otuz ilə yaxındır ki, torpaqlarımızda “viran edilmiş yurd” mənzərəsi yaratmışdır. Onlar bu əməlləri ilə sübut edirlər ki, bu ərazilər ermənilərin deyil, ona görə viran halında saxlamışıq. Çünki inanmırdılar ki, bu torpaqlar onlarda qalacaqdır. Hər qarışına xəyanət toxumu səpərək minaları toxuyan ermənilər bu torpaqları nə qədər əsir saxlamaq fikrində imiş, demək olmur... Axmaq düşüncəli mənfur düşmən. Heç olmasa minaaxtaran itlərdən xəcalət çəkin. Heyvan olsa da, sizin pislikləri təmizləyir bu itlər... Tarix boyu xarici havadarlarının köməyinə arxalanan mənfur erməni, bu gün yenə haqsız yerə səs-küy salmaqda davam edir. Xislət dəyişməz, zaman dəyişsə... Lakin zaman keçib artıq. Azərbaycan otuz il əvvəlki deyildir! Bəli, Azərbaycan əsgəri 90-cı illərdə də bu günkü ruhda idi, vətənsevərliyi, qorxmazlığı ilə. Lakin 90-cı illərdə vahid rəhbərliyin olmaması, Azərbaycan ordusunda parakəndəlik olması, silah təminatında olan texniki çatışmazlıqlar əsgərlərin lazımı səviyyədə döyüşməsinə çətinliklər yaradırdı. Bu gün isə Azərbaycan əsgəri daha inamlı və qətiyyətlidir. Çünki, arxasında bütün siyasi, iqtisadi gücü olan Azərbaycan dövləti, Azərbaycan xalqı, Ali Baş Komandanımızın iradəsi vardır. Təlimlərdə təcrübə qazanmış Azərbaycan əsgəri bütün müasir silahları bilik və bacarıqla idarə etmək əzmindədir. Bütün bu üstünlüklərin qazanlması isə onun mənəviyyatından doğan istəkdir ki, bu da yurdsevərlik, öz torpağına bağlı olmaqdır! Ulu Öndər Heydər Əliyev deyirdi: “İnsanı yüksəldən, insanı ucaldan, əsl vətəndaş edən onun mənəviyyatıdır”. Bəli, mənəviyyatı ədalətdən, haqq savaşından, yurd sevgisindən, rəhbərinə inamdan qaynaqlanan Azərbaycan əsgəri hər zaman qalibdir, hər zaman yurdun varlığı, Zəfər səsidir!
           Bədirə Niftaliyeva
           Neftçala rayon sakini, ziyalı, yazar