Media sahəsində yeni çağırışlar!
Tarixən bütün cəmiyyətlərin inkişafına töhfə verən bir çox amillər mövcud olmuşdur. Azərbaycan cəmiyyətinin də inkişafına öz töhfəsini verən amillərdən biri milli mətbuatımızdır ki, bu da tarix boyu insanlarımızın maariflənməsində, milli düşüncəsinin formalaşmasında müstəsna rol oynamışdır. Əsası XIX əsrin sonlarına gedib çıxan milli mətmuatımız sözün əsl mənasında xalqımızın düşüncəsində, oyanışında əvəzsiz rol oynamışdır. Həsən bəy Zərdabidən, M.F.Axundzadədən, Şirvanidən, Goranidən və onlarla maarifçidən başlanmış bu cığır xalqımızın, dövlətçiliyimizin tarixinə böyük işıq salmış, zamanın sınaqlarından çıxaraq mübariz bir yol keçmişdir. Mətbuatımız ötən əsrin sonlarında da Azərbaycanımızı müstəqilliyə aparan yolda fəal iştirak etdi. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə mətbuat, media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etməyə başladı. Xüsusi qeyd etməliyik ki, Ümumilli lider Heydər Əliyev media, mətbuat sahəsinə çox ciddi önəm vermiş, bu sahənin inkaşaf etməsində, dövrün tələbləri səviyyəsində olmasında xeyli maraqlı olmuşdur. Məhz Ulu Öndərin Fərmanı əsasında 1998-ci il avqustun 6-da Azərbaycanda senzuranın ləğvi milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin layiqli davamçısı, Müzəffər Prezident İlham Əliyev bu sahədə ənənələri daha da möhkəmləndirərək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirmiş və keçirməkdədir. Dövlət başçımızın bu sahəyə göstərdiyi qayğının məqsədi həm informasiya verən tərəfin, həm də informasiya alan tərəfin məmnunluğunun təmin edilməsidir. 30 ilə yaxın düşmən tərəflə həm siyasi, həm hərbi, həm də informasiya müharibəsi aparıldı. Zaman sübut etdi ki, döyüş meydanında nə qədər güclü olursansa ol, informasiya müharibəsində də qalib gəlməlisən. Bu mənada ən yeni tarixdə yaşadıqlarımız mediamızdan, mətbuatımızdan, jurnalistikamızdan keyfiyyətcə yeni yanaşma tələb edir. Ali Baş Komandanın 44 gündə və ondan sonrakı dövrlərdə dünyanın nüfuzlu, müxtəlif media mənsublarına fərdi və online müsahibələri Azərbaycan həqiqətlərinin doğru, dürüst dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıdı. Məhz bu gün “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu dövrün və zamanın tələbidir desək yanılmarıq. Bu gün Azərbaycan insanı müasir texnologiyanın imkanlarından ən geniş səviyyədə, sərbəst surətdə yararlanaraq ölkəmizdə və dünyada baş verənləri izləyə bilir. Bu mənada media mənsublarımızın da öhdəsinə dünya standartlarına uyğun səviyyədə məhsul istehsal etmək öhdəliyi düşür. Bütün imkanların fonunda bu sahə Dövlətimizin diqqət və qayğısı altında inkişaf etməlidir. Məqsəd aydındır, Azərbaycan həqiqətlərini dünyaya doğru, düzgün çatdırmaq, insanlarımızın sağlam, keyfiyyətli məhsulla təmin edilməsi. Qəbul edilən Qanuna nəzər saldıqda görürük ki, burada mediamızın ən ali səviyyədə inkişaf etdirilməsi məqsədi qarşıya qoyulub. Heç şübhə yoxdur ki, həyata keçirilən tədbirlər nəticəsində bütün sahələrdə olduğu kimi media, mətbuat, jurnalistika sahəsində də ən qısa müddətdə sürətli inkişaf, intibah yaşanacaqdır.
Xanım Ağayeva
Neftçala rayon sakini
Digər xəbərlər