Balanslı xarici siyasət yeridən Azərbaycan böyük tarixi uğurlara imza atıb və atmaqdadır
Bu gün regionun lider dövləti olan Azərbaycan müstəqil daxili və xarici siyasətə malik olmaqla öz milli maraqlarını həmişə qorumuşdur. Xarici siyasətində məqsədli və ağıllı şəkildə balanslaşdırılmış siyasət yeridən ölkəmiz son illər Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində yerləşdiyi kifayət qədər çətin siyasi regionda əsas söz sahibinə çevrilib. Öz milli maraqlarını üstün tutmaqla Azərbaycan beynəlxalq münasibətlər sistemində həm də ədalətli siyasət yürüdür. Ölkəmizin ədalətli olmasını onun irəli sürdüyü təşəbbüslər təsdiq edir. Azərbaycan özünü ötən müddət ərzində etibarlı tərəfdaş kimi tanıtmaqla deyərdim Avrasiya məkanında yerləşən ölkələrlə yüksək səviyyəli münasibətlər qurur. Tariximizin ən şanlı səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbə qazanmasında bu münasibətlər böyük rol oynamışdır. Bu gün ölkəmiz artıq kimin dost, kimin düşmən olduğunu yaxşı bilir. Hesab etmək olar ki, Vətən Müharibəsində Azərbaycan kimin ədalətin yanında olduğunu ən yaxşı şəkildə gördü. Bu baxımdan Şuşada 2021-ci ilin 15 iyun tarixində Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında “Şuşa bəyannaməsi” Azərbaycanın istənilən daxili, xarici münasibətlərə verdiyi önəmin bariz nümunəsidir. Məhz bu tarixi sənədin imzalanması nəticəsində Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmişdir. Bu gün regionda Azərbaycanın qonşu dövlətlərlə- Gürcüstan və İranla olan münasibətləri də yüksək səviyyədədir və inkişaf edir. Azərbaycanın Avropa ölkələri ilə olan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir. Bir faktı qeyd edək ki, bu il Bakıda keçiriləcək Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqunda Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq niyyətindədir. Avropanın enerji təchizatında çəkisini durmadan artıran Azərbaycan təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi enerji layihəsi həm Avropaya enerji marşrutu, həm də enerji mənbələrinin şaxələndirilməsidir. Azərbaycanın NATO ilə münasibətləri də uğurla inkişaf edir. 2022-ci ilin fevral ayında NATO-nun baş katibi Yens Stoltenberq Ölkə Prezident İlham Əliyev ilə telefon söhbəti zamanı Azərbaycanın Avropanın qaz təchizatçısı və qaz ixracını artırmasına görə təşəkkürünü bildirmişdir. Heç bir bloka qoşulmayan, qonşuları ilə isti münasibətlər quran Azərbaycanın beynəlxalq arenada rolu və nüfuzu yüksəlmişdir. Etibarlı tərəfdaş olan ölkəmiz dünyanın güc mərkəzləri ilə də münasibətlər qurur və bu münasibətlərin inkişaf etməsinə çalışır. Bu günlərdə Azərbaycanın qonşusu, tarixi bağlarımızın mövcud olduğu, əksər siaysi, iqtisadi məsələlərdə əməkdaşlıq etdiyimiz, dünyanın ən böyük dövlətlərindən biri olan Rusiya Federasiyası ilə müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında “Moskva Bəyannaməsi” ni imzalanması növbəti siyasi uğurumuzudur. Hər iki dövlətin rəhbərlərinin imzaladıqları Bəyannamə 43 maddədən ibarət olmaqla demək olar ki, həyatın bütün shələrini əhatə edir. Regionun iki ən güclü dövləti ilə strateji tərəfdaş olmaq, Avropanın əsas enerji təchizatçılarından biri kimi mühüm vəzifəni həyata keçirmək Azərbaycanın tarixi uğuru sayılmalıdır. Əlbəttə ki, dərin dünyagörüşünə sahib, yüksək siyasi savada və manevr qabiliyyətinə malik cənab İlham Əliyevin hərətərəfli şaxələndirilmiş siyasəti ölkəmizi gələcək böyük uğurlara inkişafa aparır. Əminik ki, yürüdülən düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycan hələ çox tarixi uğurlara nail olacaqdır.
Elnur Bağırov
YAP Neftçala rayon təşkilatının fəal üzvü.
Digər xəbərlər