Zaman-zaman erməni vəhşiliyi ilə üzləşən qalib Azərbaycan xalqı

2022-03-30 Baxış: 404
img
Uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin ən faciəli səhifələrindən biridir. Məhz, erməni millətçilərinin “Böyük Ermənistan” ideyası altında xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımları xain toplumun mənfur niyyətlərindən xəbər verir. 1918-ci ilin mart-aprel aylarında erməni quldur dəstələrinin demək olar ki, Azərbaycanın hər yerində törətdiyi soyqırımlar, qətllər, vəhşiliklər bu siyasətə xidmət etmişdir. Təəssüflə deməliyik ki, düşmən dəyirmanına su tökənlərin köməkliyi ilə xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Tarixə nəzər salsaq görərik ki, xalqımıza qarşı soyqırımı siyasəti müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçirilmişdir. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.1988-ci ildə erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. 1918-ci il Soyqırımı yalnız Ulu Öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Son illərdə Azərbaycanın bəzi ərazilərində soyqırımın sübutu olan kütləvi məzarlıqlar aşkar edilir. Bunlardan biri də 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqdır. Erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı əsasında aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edilməyə başlandı. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi bu sahədə də aparılan müntəzəm və məhsuldar işin nəticəsində onilliklər boyu “erməniçilik” haqqında formalaşmış stereotiplər, yanlış yanaşmalar dağıdılıb. Artıq beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur. 2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi, diplomatik, hərbi, istərsə də digər sahələr üzrə tarixi uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi.Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız düşmən tapdağından azad olundu. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən Liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Qarşı tərəf də yaxşı bilir ki, güclü Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə layiqli cavabını verəcəkdir. “Dəmir Yumruq” ətrafında bənd olmuş Azərbaycan xalqı tarixini unutmayacaq, Müqəddəs Vətənimizə qarşı yönəlmiş bütün təhdid və təhlükələrə anında cavab verəcəkdir.
                Elşən Ağalarov;
                Neftçala rayon sakini, müəllim