Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

2022-04-11 Baxış: 424
img

Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
XXI əsrin yeni lideri keyfiyyətlərinə malik olan dövlət başçısı 44 günlük müharibədə şanlı Qələbəyə imza atdıqdan sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm səylər göstərir. Hakimiyyətə gəldiyi gündən etibarən öz ölkəsinin iqtisadi gücünün artırılması, ordu quruculuğu, beynəlxalq aləmdə dəstəyə nail olunması istiqamətində ardıcıl siyasət yürüdən Prezident İlham Əliyev məhz lazım olan məqamda taleyüklü qərar qəbul etdi və qısa müddətdə işğalçı Ermənistanın ordusunu Azərbaycanın əzəli torpaqlarından qovmağa nail oldu”.
Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, güclü sərkərdə və böyük diplomatik keyfiyyətləri danılmazdır. Dünyada işğala məruz qalmış bəzi ölkələrdən fərqli olaraq, sonu bilinməyən danışıqlar prosesinin nəticə vermədiyini görən Azərbaycanın dövlət başçısı lazımi məqamda, geosiyasi və regional dəyişikliklər fonunda bütün məsuliyyəti öz üzərinə götürüb və xalqına böyük zəfər yaşadıb.
Budur, uğurlu siyasətin və diplomatiyanın təntənəsi!

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü