“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub

2022-05-11 Baxış: 359
img

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

MAYAKİNFO xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib.

Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırılacaq. Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur.

Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır.

İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.

Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzindən Bakı şəhərində yerləşən 110/35/10 kV-luq yarımstansiyanın bilavasitə işə salınması, şəbəkə idarəetmə sistemində aparılmış innovativ – təşkilati yenidənqurma işləri nəticəsində mümkün olub.