Meksika səfiri Neftçala rayonunda olub

2022-05-19 Baxış: 518
img

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini Neftçalada olub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla keçirilən görüşdə Azərbaycan-Meksika əlaqələrinin inkişafından danışılıb, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyi və bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

Azərbaycan-Meksika əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayan rayon icra hakimiyyətinin başçısı Neftçalanın iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını səfirin diqqətinə çatdırıb.

Neftçala rayonunda bir sıra sənaye obyektlərinə və mədəniyyət ocaqlarına baş çəkən səfir Rodriqo Labardini Xıllı nərə balıqartırma zavodunda, “Azerbaijan Fish Farma” müəssisəsində, Neftçala Sənaye Məhəlləsində olub.

Səfər çərçivəsində Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında maraqlı konsert proqramı izlənilib. Meksika səfiri Neftçala rayonuna səfərindən məmnunluğunu bildirib.